Çinin yeni sərhəd qanunu HİNDİSTANI NARAHAT EDİR

Hindistan Çinin mövcud ikitərəfli sərhəd idarəetmə razılaşmalarına təsir göstərə biləcək yeni Torpaq Sərhəd Qanununu qəbul etməsindən narahatdır. SİA xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyi bildirib.

"Biz Çinin birtərəfli qaydada qanun qəbul etməsindən narahatıq. Bu, bizim sərhədlərin idarə edilməsinə dair mövcud ikitərəfli razılaşmalarımıza, eləcə də sərhəd məsələsinə təsir göstərə bilər. Belə birtərəfli addımın hər iki tərəfin artıq əldə etdiyi razılaşmalarla heç bir əlaqəsi olmayacaq. Biz həmçinin Çinin vəziyyəti birtərəfli qaydada dəyişdirə biləcək bu qanunu bəhanə edərək Hindistan və Çinin sərhəd bölgələrində hərəkət etməkdən çəkinməsini gözləyirik.”, deyə Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Bağçinin bəyanatında qeyd olunur.

Xarici İşlər Nazirliyi Hindistan və Çinin sərhəd məsələsinin hələ də həll etmədiyini qeyd edib.

"Hər iki tərəf bərabər əsasda məsləhətləşmələr yolu ilə sərhəd məsələsinin ədalətli, ağlabatan və qarşılıqlı məqbul həllini axtarmağa razılaşıb. Biz həmçinin, de-fakto nəzarət xətti boyunca sülh və əmin-amanlığın qorunması üçün bir sıra ikitərəfli sazişlər, protokollar və sənədlər imzaladıq", deyə bəyanatda əlavə edilir.

Qeyd edək ki, Hindistan və Çin arasında Kəşmirin şimalındakı dağlıq ərazinin bir hissəsinə, eləcə də şimal-şərqdəki Arunaçal-Pradeş əyalətində təxminən 60 min kvadrat kilometr əraziyə sahiblik üzərində uzun müddətdir davam edən ərazi mübahisəsi var. Bu bölgədəki ölkələr arasında sərhədi əvəz edən faktiki nəzarət xətti Ladax bölgəsindən keçir. 1962-ci ilin payızında bu mübahisə hətta sərhəd müharibəsinə çevrilmişdi.

Xatırladaq ki, Hindistan və Çin arasında vəziyyətin yenidən kəskinləşməsi 2020-ci ilin may ayında Ladaxda iki ölkənin hərbçiləri arasında Panqonq gölü bölgəsində bir sıra münaqişələr baş verdikdən sonra başlayıb, bundan sonra Dehli və Pekin bölgədəki hərbi mövcudluğunu artırıb. Bu il fevralın əvvəlində əvvəlcə çinlilər, sonra isə Hindistan Müdafiə Nazirliyi münaqişədən sonra regionda yerləşdirilən qoşunların Panqonq gölünün şimal və cənub sahillərindən çıxarılmasını elan edib. Danışıqların son bir neçə raundunda Ladaxdakı qoşun komandirləri Qoqra yüksəkliklərində, Qaynar Bulaqlarda və Depsanq düzənliklərində döyüşlərin gedişi prosesini müzakirə edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...