Aİ miqrantlara qarşı tikilılərə pul verməyəcək

Avropa İttifaqı (Aİ) qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün sərhədlərdə tikanlı məftillər və divarların inşası üçün maliyyə vəsaiti ayırmayacaq.

SİA xəbər verir ki, bu sözləri Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçılarının sammitinin yekunlarına dair Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirdiyi mətbuat konfransında deyib.

Avrokomissiyanın Prezidenti sammitdə qeyri-qanuni miqrasiya ilə mübarizə üçün “fiziki maneələr” kimi tədbirlərin görülməsinin müzakirə edildiyini bildirib: “Lakin Avropa Komissiyası və Avropa Parlamenti miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində tikanlı məftillər və divarların inşası üçün maliyyə vəsaitinin ayrılmaması məsələsində həmfikirdir”.

Aİ Şurasının Prezidenti Ş.Mişel isə Avropa Komissiyasına miqrasiya ilə mübarizə tədbirlərinə dair yeni təkliflər təqdim etdiklərini bildirib.

Qeyd edək ki, Yunanıstan, Avstriya, Macarıstan, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Litva, Latviya, Slovakiya və Polşanın daxili işlər və ya miqrasiyadan məsul nazirləri birgə məktub imzalayaraq Avropa Komissiyasından Aİ sərhədlərini miqrantlara qarşı “fiziki maneələr”lə gücləndirməyi tələb etmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...