Böhranından sonrakı iqtisadi dirçəliş imkanları...

Mərkəzi Avropa ölkələrinin xarici işlər nazirləri ölkələri koronavirus böhranından sonra iqtisadi dirçəlişin təmin edilməsi üçün Vyanada bir araya gəliblər.

SİA xəbər verir ki, ”Central Five” formatının (Avstriya, Çexiya, Macarıstan, Sloveniya və Slovakiya) növbəti görüşünün gündəliyində ixracyönümlü iqtisadiyyata malik Mərkəzi Avropa ölkələrinin iqtisadi perspektivləri dayanır.

Avstriyanın xarici işlər naziri Mixael Linhartın dəvəti əsasında Vyanada keçirilən görüşdə İvan Korçok (Slovakiya), Yakub Kulhanek (Çexiya), Anje Loqar (Sloveniya) və Piter Siyyarto (Macarıstan) iştirak ediblər. Görüşdən öncə M. Linhart bildirib ki, iqtisadi dirçəlişə nail olmaq üçün artıq şirkətlərin fəaliyyətinin dəstəklənməsinə fokuslanmağın vaxtı yetişib. Eyni zamanda regional əməkdaşlığın gücləndirilməsi, eləcə də regiondakı digər dövlətlərlə, xüsusilə Rusiya ilə əlaqələrin intensivləşdirilməsinin vacibliyi qeyd edilib.

Tərəflər ixrac potensialını gücləndirmək və əməkdaşlığı dərinləşdirmək üçün noyabrın 1-də Dubayda ”Dubai Expo 2020” sərgisində birgə iştirakı müzakirə ediblər.

Görüş çərçivəsindən həmçinin Avstriya İqtisadi Tədqiqatlar İnstitutu (WIFO) tərəfindən Mərkəzi Avropa regionunda iqtisadi şansların dəyərləndirilməsi mövzusunda təqdimat keçirilib, yeni ideyalar diqqətə çatdırılıb.

”Central Five” qrupu ötən ilin əvvəlində Avstriyanın keçmiş xarici işlər naziri Aleksander Şallenberqin təşəbbüsü ilə təsis olunub. Təşəbbüsün məqsədi Şengen məkanında sərhəd nəzarətinin tətbiq olunduğu zaman Avstriyanın şərq qonşuları ilə sıx ünsiyyətinin gələcəkdə də davam etdirilməsini təmin etməkdən ibarətdir. Qrup üzvləri mütəmadi şəkildə ortaq mövzularda görüşlər keçirir, son görüş isə iyul ayında Avropa İttifaqı Şurasına sədrlik edən Sloveniyada baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə