Rusiya və NATO-nun dialoqu davam etdirməsi çağırışı TÜRKİYƏ XİN-DƏN GƏLDİ

Ankara Rusiya ilə NATO arasında dialoqu davam etdirmək istəyir. SİA xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilqic söyləyib.

"Biz Rusiya Federasiyası və NATO -nun dialoqu davam etdirməsini istəyirik. Bu arzularımızı həm Rusiya tərəfinə, həm də NATO müttəfiqlərimizə çatdırırıq", deyə Bilqic jurnalistlərə bildirib.

Xatırlayaq ki, NATO bir qədər əvvəl, Rusiya missiyasının ittifaqdakı 8 əməkdaşının akkreditasiyasını ləğv etdiyini və Rusiya Federasiyası üçün akkreditasiya sayını 10-a endirdiyini açıqlayıb. Rusiya xarici işlər naziri Sergey Lavrov da bazar ertəsi günü Rusiyanın cavab tədbirlərini açıqlayıb. NATO-nun Moskvadakı hərbi əlaqə missiyası, məlumat bürosunun işini də dayandırır. Rusiyanın NATO-dakı daimi nümayəndəliyi də işi noyabrın 1-dən və ya bir az sonra dayandırır. İttifaq Rusiya ilə təmaslar üçün Rusiyanın Belçikadakı səfiri ilə əlaqə saxlamalıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə