“Ermənistan koronavirusdan ölüm hallarına görə liderdir...”

“…Bu gün Ermənistan koronavirusdan ölüm hallarına görə regional liderlərdən biridir”. Qeyd edək ki, bu fikirləri İrəvan Tibb Universitetinin Epidemiologiya kafedrasının dosenti Mxitar Heratsi Ter-Stepanyan koronavirus infeksiyasının beşinci dalğasının gedişatını şərh edərkən bildirib.

Erməni həkim bu gün Ermənistanda ümidsizlik doğuran ölüm nisbətlərinə əlavə olaraq, ölkədəki hamilə qadınların vəziyyətindən də narahatlıq ifadə edib. Ter-Stepanyanın dediyinə görə, bunu səsləndirmək üçün onun kifayət qədər əsası da var. O sübut kimi hazırda təkcə elə İrəvan xəstəxanalarında əvvəlkindən daha çox koronaviruslu hamilə qadınların müalicə aldığını göstərir.

Bu ilin may ayına qədər hamilə qadınlar risk qrupuna daxil edilmədiklərini deyən erməni mütəxəssis bildirir ki, lakin delta ştammının yayılması fonunda bu gün vəziyyət dəyişib. İndi erməni qadınlar arasında təkcə koronavirus yox, həm də uşaqlıqdaxili sətəlcəm xəstəlikləri də çoxalıb. Ter-Stepanyan da başqa həmkarları kimi, əhalini anti-epidemioloji standartlara ciddi riayət etməyə - maska ​​taxmağa, əlləri dezinfeksiya etməyə, məsafə saxlamağa çağırıb.

Yeri gəlmişkən erməni epidemioloq Arman Badalyan da son günlər Ermənistanda koronavirusla bağlı təqdim olunan rəqəmlərdən narahatlıq ifadə edib. Məsələn, o deyir ki, dünyada orta gündəlik infeksiya artımı 3 ilə 5 faiz arasında olduğu halda, Ermənistanda bu rəqəm 16 faizə çatır.

“Biz koronavirus infeksiyasının yayılmasının kifayət qədər aktiv bir mərhələsindəyik, ona görə də narahat olmaya bilmərik. Qeyd edim ki, bu gün xəstəxanalarda yoluxanların sayı həddindən artıq çoxdur”- deyən Badalyan, vəziyyətin düzəlməyəcəyi təqdirdə insanların onsuz da ixtisaslı tibbi yardım almadan evlərində öləcəklərinin xəbərdarlığını edib.

Koronavirusun delta növünün terapevtik müalicəyə kifayət qədər davamlı olduğunu deyən Badalyan, peyvəndin, eləcə də yenidən peyvənd edilmənin vacibliyini də bildirib.

Yeri gəlmişkən onu da xatırladaq ki, bir müddət bundan əvvəl Ermənistanın səhiyyə naziriliyinin mətbuat katibi Ripsime Xaçatryan bu ilin dekabr ayından etibarən peyvənd olunmayan, lakin koronavirusa yoluxmuş vətəndaşların müalicəsinin pullu ola biləcəyi barədə xəbərdarlıq etmişdi.

Amma etiraf edilməlidir ki, təxminən 800 min drama (bu da təxminən 1600 ABŞ dolları edir) başa gələcək pullu müalicənin Ermənistanda bütün koronavirusa yoluxmuşlara deyil, ancaq peyvənd olunmaqdan imtina edib bu xəstəliyə yoluxanlara şamil ediləcəyi bildirilmışdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə