Fövqəladə Hallar Komissiyasının qaz bazarındakı vəziyyətlə əlaqədar Moldovada enerji sektorunda "həyəcan rejimi" tətbiq etmək qərarına gəlib. SİA xəbər verir ki, bu sözləri Moldovanın baş nazirinin müavini, infrastruktur naziri Andrey Spinu söyləyib.

Qeyd olunur ki, oktyabrın 1-də, Qazprom ölkə ilə yanacaq nəqli müqaviləsini bir ay uzadıb, qiymət isə hər min kubmetr üçün orta illik dərəcəsi 200 dollar olmaqla 790 dollara yüksəlib. Uzunmüddətli müqavilənin bağlanması ilə bağlı danışıqlar davam edir. Moldovagaz şirkəti oktyabrın 6-da bildirib ki, Moldovada qaz istehlakı Rusiyadan tədarükü müvəqqəti üstələyir və bu da elektrik enerjisi ilə bağlı problemlərə səbəb ola bilər.

"Bu, istənilən vəziyyətə hazır olmağımız üçün lazımdır. Bu rejim dövlət qurumlarının vətəndaşları qorumaq və ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməsi üçün lazımdır", deyə Spinu bildirib.

O, izah edib ki, böhran vəziyyətini həll edə bilməyəcəkləri təqdirdə, səlahiyyətlilərin növbəti addımı enerji sahəsində fövqəladə vəziyyətin tətbiqi ola bilər. Lakin hökumət oktyabrın sonuna qədər "Qazprom"-la yeni müqavilə imzalamağa ümid edir.

Xatırladaq ki, son həftələrdə dünyada yanacaq, enerji qiymətlərində rekord artım müşahidə olunur. Mütəxəssislər, fyuçerslərin dəyərinin kəskin artmasını Avropada yeraltı qaz anbarlarının doldurulmasının aşağı olması, eləcə də Asiyada yüksək tələbatla izah edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə