Deyirəm, nə yaxşı ki, bu ermənilərin Artak Beqlaryan kimi “əyalət naziri” və ya Arman Tatoyan kimi ombudsmanı varmış. Yoxsa, bu millət neyləyərdi? Sizləri bilmirəm, amma mən bu gün Ermənistanın Beqlaryan, Tatoyan kimilərinin “çiyinlərində dayandığına” inanıram. Onu da deyim ki, bunların hər ikisi bu gün erməniləri harasa çıxarmaq üçün özləri dəridən-qabıqdan çıxmağa başlayıblar.
Budur, erməni ombudsmanı bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin “qanunsuz işğalının” üçüncü hadisəsini Qafanda erməni mülki vətəndaşlarının hüquqlarının “kobud şəkildə” pozulması ilə müəyyən edib.
Deyim ki, ombudsmanı “ermənilərin hüquqlarını Azərbaycan Ordusu tərəfindən pozulması ilə bağlı” əvvəlki iki faktı sənədləşdirərək, Vatikana, Papa Fransiskə göndərib. Düz də eləyib, çünki artıq Qərb səlahiyyətliləri erməni ombudsmanın “faktlarının reallıqlarına” inanmırlarsa, belə olan halda o neyləməlidir?
Budur, Arman Tatoyan apardığı son tədqiqat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin Zəngəzur rayonunun Qafan icmasının Tsav kəndinin sərhəd zonasında Ermənistan Respublikasının “suveren ərazisini” işğal edərək, Qafan icmasının Nerkin Hand və Tsav kəndlərinin sakinləri üçün real təhlükə yaratdığını müəyyən edib.
Təbii ki, erməni hüquq müdafiəçisi dediklərini əsaslandırmaq üçün Azərbaycan Silahlı Qüvvələrinin “istila etdikləri Ermənistan ərazilərinin” dəqiq bir xəritəsini də tərtib edərək, qaraladığı sənədə əlavə edib. Sənəddə dəqiq göstərilir, Azərbaycan hərbçiləri ermənilərin cəmənlik və otlaqlarında mövqe tutublar deyə, ermənilər də qoyun-quzusunu örüşə buraxa bilmirlər. Bu isə onları ailələri üşün gəlir əldə etmək imkanından məhrum edib. Özləri evdə, heyvanları isə qapalı saxladıqları damda “aclıq” çəkirlər.
Qeyd edim ki, Tatoyan Azərbaycan Silahlı Qüvvələrinin tutduqları “mövqe” ilə suveren Ermənistanın Tsav kəndi arasındakı məsafəni də heç nədən qorxub eləmədən metrə götürüb ölçüb. Deməli, Tatoyanın metrəsinə inansaq, bu, bəzi yerlərdə 150, bəzi yerlərdə isə 190 metrdir. Bu isə Qafan camaatının, xüsusən Tsav və Nerkin Əl kəndləri sakinlərinin yaşamaq və təhlükəsizlik, mülkiyyət, gəlir əldə etmək və digər həyati hüquqlarını açıq şəkildə pozur. Yəni azərbaycanlıların müstəqil, suveren Ermənistanın sərhəi yaxınlığında dayanmaları ermənilərin varlığı üçün real təhlükə yaradır. Onları təsərrüfatla, heyvandarlıqla məşğul olmaqdan məhrum edir.
Tatoyana görə, ermənilər üçün təhlükəli olan bu məsələ təcili olaraq Avropa İnsan Haqları Məhkəməsi, Beynəlxalq Ədalət Məhkəməsi və digər strukturlar kimi beynəlxalq qurumlara təqdim edilməlidir. Bundan əlavə, bu, Ermənistanın sərhəd bölgələrində yaşayanların pozulmuş hüquqlarının bərpası üçün məcburi bir komponentə çevrilməlidir.
Yoxsa, suveren ölkənin müstəqil vətəndaşları olan-qalanlarını da, dəyər-dəyməzinə satıb Ermənistandan qaçacaqlar. Çünki belə halların baş verməsi artıq birinci dəfə deyil.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB