Deputat sosial şəbəkə hesabında Hitlerdən sitat gətirdi

Deputat sosial şəbəkə hesabında Hitlerdən sitat gətirdi

Yuqorsk Dumasının Rusiya Federasiyası Kommunist Partiyasından olan deputatı Marina Vasilyeva "VKontakte" sosial şəbəkəsindəki səhifəsində Adolf Hitlerdən sitat gətirib. SİA xəbər verir ki, bu barədə URA.ru yerli paylaşımlara istinadən məlumat yayıb.

Məlumata görə, millət vəkilinin səhifəsində, ekstremist olaraq tanınan nasist liderinin əsərlərindən bir sitat yerləşdirilib.

"Qəzəbin həddi-hüdudu yoxdur. Rusiya Federasiyası Kommunist Partiyasından Yuqorsk Dumasının deputatı Vasilyeva öz səhifəsində Hitlerin qadağan edilmiş, tanınmış ekstremist kitabından bir sitat yerləşdirib. İnsanlar bilsəydilər ki, yeni seçilmiş deputat faşizm təbliğatı aparacaq, ona heç vaxt səs verməzdilər. İndi veteranların gözünün içinə necə baxa biləcək?", deyə paylaşımlarda qeyd olunur.

Vasilyevanın özü sosial şəbəkədəki səhifəsinə haker hücumu edildiyini, səhifəsinin ələ keçirildiyini və şəxsi məlumatlarının təhrif edildiyini iddia edir. O, şəbəkə adminstratorunu varlanmaq üçün faktlar uydurmaqda günahlandırıb.

"O mənim hüquqlarımı pozub və mən bununla mübarizə aparacağam! Bu insanın heç bir prinsipi yoxdur", deyə deputat bildirib.

Kommunist Partiyası Yuqorsk şəhər təşkilatının mətbuat xidməti bildirib ki, bu sitat həqiqətən də deputatın sosial şəbəkəsində yerləşdirilib. Ancaq bu ifadənin haradan gəldiyinə dair heç bir izahat verilməyib.
"Səhifəyə müdaxilə edilib. Sadəcə bir ifadə yazılıb və heç bir izahat yoxdur", deyə Rusiya Federasiyası Kommunist Partiyası yerli şöbəsinin mətbuat xidmətinin nümayəndəsi bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə