Ruslar azala-azala gedirlər...

Rusiyada 2021-ci ilin yanvar-avqust aylarında əhalinin təbii azalması ötən, yəni 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 71,6 faiz artıb. Qeyd edək ki, bu barədə Rusiya Federal Dövlət Statistika Xidmətinin materiallarında deyilir.

Belə ki, statistika şöbəsinin məlumatına görə, bu dövr üçün təbii azalma 595,3 min nəfər təşkil edib. Halbuki, bu göstərici bir il əvvəl, yəni 2020-ci ildə 346,9 min nəfər təşkil etmişdi.

Bundan əlavə, 2021-ci ilin yanvar-avqust aylarında doğulanların sayı da azalaraq 928 min 184 təşkil edib. Müqayisə üçün onu da deyim ki, 2020-ci ilin yanvar-avqust aylarında bu göstərici 938 min 295 olmuşdu.

2021-ci ilin yanvar-avqust aylarında Rusiyada ölənlərin sayı 18,5 faiz artaraq 2020-ci ilin yanvar-avqust aylarında 1 milyon 285 199 nəfərdən 1 milyon 523 646 nəfərə yüksəlib.

Rusiya Federal Dövlət Statistika Xidmətinin məlumatına görə, Rusiyanın daimi əhalisi 1 avqust 2021 -ci ildəki siyahıyaalmaya görə, 145,8 milyon nəfər təşkil edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə