Keçmiş alman əsir düşərgəsində sərgi açılıb

Keçmiş alman əsir düşərgəsində sərgi açılıb

Avstriya dövləti Osventsimdəki keçmiş alman əsir düşərgəsi Auşvits-Birkenauda yeni Avstriya sərgisi açıb.

SİA xəbər verir ki, açılış mərasimdə Avstriyanın prezidenti Aleksander Van der Bellen, Parlamentin sədri Volfqanq Sobotka, Polşa Baş nazirinin müavini Pyotr Qlinski, hər iki ölkənin hökumət təmsilçiləri iştirak ediblər.

Dövlət başçısı A.Van der Bellen açılış nitqində bildirib ki, nasizm qurbanlarının xatirəsinin qorunub saxlanması “bizim istəyimiz və öhdəliyimizdir”. Qeyd edilib ki, nasizm qurbanları arasında avstriyalılar olduğu kimi, nasistlərlə əlbir olan və onların əlaltısı kimi cinayətlər törədən avstriyalılar da olub. Ona görə də yeni sərgidə Avstriya tarixinin qaranlıq səhifəsinin işıqlandırılması və öz keçmişinə düzgün qiymətləndirilməsi ön planda dayanır.

1938-ci ildə Avstriya Hitler Almaniyası tərəfindən ilhaq edildikdən sonra onun müstəqil dövlət kimi varlığına son qoyulub və ölkə Ostmark adı ilə “Üçüncü reyx“in bir əyalətinə çevrilib. Avstriya müstəqilliyini itirsə də, çox sayda avstriyalı nasist hərbi maşını və məhvedici proqramlarında yüksək postlarda mövqe tutublar. Ona görə “Bir daha heç zaman“ devizi altında formalaşan yeni düşüncə gələcək nəsillərə ötürülməli, antisemitizm və ayrı-seçkiliyin digər növlərinə qarşı cəmiyyətdə mübarizə aparılmalıdır.

Qeyd edilməlidir ki, Auşvits-Birkenau əsir düşərgəsinin 17-ci blokunda yerləşən muzeydə ilk Avstriya sərgisi 1978-ci ildə açılıb. Daimi fəaliyyət göstərən həmin sərgidə əsas vurğu Avstriyanın alman nasizminin ilk qurbanı olan ölkə kimi təqdim etməkdən ibarət olub. 2009-cu ildə yaradılan tarixçilərdən ibarət komissiyaya isə Avstriyanın həmin dövrə aid tarixini real qiymətləndirərək, qurbanlarla yanaşı avstriyalıların törətdiyi cinayət əməllərinin yer aldığı yeni formatlı sərginin hazırlanması tapşırılıb.

Auşvits İkinci Dünya müharibəsində Hitler Almaniyası ərazisində fəaliyyət göstərən ən böyük əsir düşərgəsi olub. Hesab edilir ki, həmin düşərgədə yəhudilərlə yanaşı, sovet müharibə əsirləri, roma və sintilər, polyaklar, siyasi məhbuslar olmaqla bir milyondan artıq insan məcburi əmək, qaz kameraları və kütləvi güllələnmələr nəticəsində məhv edilib. Auşvits-Birkenau Polşanın Krakov şəhəri yaxınlığında yerləşən Auşvits düşərgələr şəbəkəsinin ölüm düşərgəsi kimi fəaliyyət göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə