"Mixeil Saakaşvili əfv edilməyəcək"

"Mixeil Saakaşvili əfv edilməyəcək"

Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə həbs edilən sabiq dövlət başçısı Mixeil Saakaşvilini əfv etməyəcəyini bəyan edib.

SİA xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti məlumat yayıb.

Prezident əvvəlcə Gürcüstanın hüquq-mühafizə orqanlarına yüksək səviyyədə əməliyyat keçirdiklərinə görə təşəkkür edib. Onun sözlərinə görə, bu əməliyyat ölkədə dövlət institularının dağılmadığını, əksinə daha mükəmməl işlədiklərini bir daha sübuta yetirib.

Salome Zurabişvili daha sonra deyib: “Bir ölkənin prezidentinin ictimaiyyət qarşısında həbs edilməsi ürəkaçan bir məsələ deyil. Amma qanun qarşısında hamı eynidir. Saakaşvili beynəlxalq tərəfdaşların tövsiyələrinə zidd olaraq sabitliyi pozmaq üçün Gürcüstana gəlib. Qanun qarşısında da cavab verməlidir”, – deyə, Salome Zurabişvili vurğulayıb.

Qeyd edək ki, bu gün Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili Tbilisidə saxlanılıb.

Gürcüstanın Baş Prokurorluğu sabiq prezidentlə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Mixeil Saakaşvili üç məhkəmə instansiyası tərəfindən təqsirli bilinib və 6 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin qeyd olunur ki, M.Saakaşvilinin Gürcüstan sərhədini qanunsuz keçməsi faktı ilə bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə