Serbiya və Kosovo razılığa gəlib

Serbiya və Kosovo razılığa gəlib

Serbiya və özü-özünü elan edən Kosovo respublikası Brüsseldə keçirilən dialoq zamanı razılığa gəlib. SİA xəbər verir ki, Avropa İttifaqının Belqrad və Priştina dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak bu barədə Twitter-də yazıb.

"İki gün davam edən gərgin danışıqlardan sonra, gərginliyi azaltmaqla, deeskalasiya ilə bağlı razılığa gəldik" deyə Layçak bildirib.

Razılaşmaların nəticələrinə əsasən Kosovo polisinin xüsusi təyinatlıları bu yaxınlarda tutduqları mövqeləri tərk etməli olacaqlar. Kosovanın Serb sakinləri tərəfindən qurulan barrikadalar da söküləcək. Serbiya prezidenti Aleksandar Vuçiç, NATO-nun himayəsində olan KFOR kontingentinin keçid məntəqəsində qalacağını bildirib. O əlavə edib ki, Kosovoya daxil olarkən avtomobillərdəki Serbiya nömrələri götürülməyəcək, əksinə stikerlər təklif olunacaq.

Prezident həmçinin Kosovo serblərinin 2 oktyabr, yerli vaxtla saat 16: 00-a qədər bölgənin şimalındakı Yarine və Brnjak keçid məntəqələrinə gedən magistral yollardan bağlanan blokadanı qaldıracağını da söyləyib. Kosovalılar, öz növbəsində, xüsusi təyinatlıları geri çağırmalı olacaq, onun yerini NATO kontingenti alacaq.
Serbiya səlahiyyətlilərindən verilən məlumata görə, Kosovo xüsusi təyinatlıları muxtar vilayətin şimalına 350 döyüşçü, 20 zirehli maşın və snayperlə daxil olublar, Yarinada, Brnjak keçid məntəqəsində və Kosovonun digər iki nöqtəsində yerləşiblər.

Bir qədər sonra yerli KİV, Serbiya Hərbi Hava Qüvvələrinə məxsus Mi-35 helikopterləri və MiG-29 qırıcıları ilə birlikdə öz-özünü elan edən respublikanın şimalında uçan bir video yayıb. Serbiya Daxili İşlər naziri Aleksandr Vulin ölkənin təhlükəsizlik qüvvələrinin şiddətin artmasına cavab verməyə hazır olduqlarını, lakin münaqişənin qarşısını almaq üçün hər şeyi edəcəyini vurğulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə