İran ABŞ-dan koronavirus əleyhinə peyvəndlər alır

İlk dəfə olaraq İrana Amerika istehsalı olan “Johnson & Johnson” və “Pfizer” peyvəndləri idxal olunacaq.

Bu barədə İranın Gömrük Baş İdarəsinin açıqlamasında qeyd olunub. Nəzərə çatdırılıb ki, bu həftə ərzində 5 milyon doza “Johnson & Johnson” və 5 milyon doza “Pfizer” peyvəndi ölkəyə gətiriləcək. Bu günə kimi İranda Çin istehsalı olan “Sinofarm” və yerli istehsal “Barakat cov İran” peyvəndləri istifadə olunurdu.

İranın Səhiyyə Nazirliyinin açıqlamasına görə, son 24 saat ərzində ölkə ərazisində 13 min 792 nəfər koronavirusa yoluxub, 288 nəfər isə yoluxaraq vəfat edib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 5 milyon 533 min 520 nəfərə, yoluxaraq ölənlərin sayı isə 119 min 360-a çatıb. Ölkə üzrə müalicəsini xəstəxanalarda davam etdirən 6 min 320 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, müalicə alan 4 milyon 944 min 87 nəfər sağalaraq evə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə