Paytaxtın küçələrində tanklar PEYDA OLDU

Paytaxtın küçələrində tanklar PEYDA OLDU

Sudanda dövlət çevrilişinə cəhd olub və ordu bunun qarşısını ala bilib. SİA xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Sudanın Keçid Suveren Şurasının sözcüsü vəziyyətin nəzarət altında olduğunu, çevrilişi planlaşdıran zabitlərin saxlanıldığını və tankların parlamentin yanındakı körpüyə gedən yolu bağladığını söyləyib.

Çox etibarlı hərbi mənbə məlumatı təsdiqləyərək, kəşfiyyatın çevrilişi planlaşdıran ordunu izlədiyini əlavə edib. Al Arabiya telekanalının verdiyi məlumata görə isə, çevriliş cəhdinin arxasında keçmiş prezident Ömər əl-Bəşirin tərəfdarları dayanır. Xüsusilə, onlar dövlət radiostansiyasının binasını ələ keçirməyə çalışsalar da, bacarmayıblar.
Məlumatda həmçinin qeyd olunur ki, çərşənbə axşamı səhər, ölkənin paytaxtı Xartum şəhərinin küçələrində tanklar görünüb və hərbçilər qısa müddətdə Nil çayı üzərindəki körpüləri bağlayıblar.

Xatırladaq ki, 2019 -cu ildə Sudanda o vaxtkı hakimiyyətin siyasətinə qarşı kütləvi etiraz aksiyalarının başladığı hərbi çevriliş baş verib. 30 il hakimiyyətdə olan prezident Ömər əl-Bəşir hakimiyyətdən uzaqlaşdırılaraq həbsxanaya göndərilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə