Səsvermə hüququndan məhrum olunanlar RUSİYA PASPORTU DAŞIYANLAR OLACAQ

Ali Rada Rusiya pasportu olan Ukrayna vətəndaşlarının seçki hüquqlarının məhdudlaşdırılmasını təklif edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu təşəbbüsü Radanın millət vəkili "Xalqın xidmətçisi" fraksiyasından olan deputat Oleq Dunda irəli sürüb.

"Biz Rusiya Federasiyası ilə hibrid müharibə vəziyyətində olduğumuz halda, onlar, yəni, Rusiya pasportlu Ukrayna vətəndaşları müvəqqəti olaraq vəzifə tutmaq, seçmək və seçilmək hüququndan məhrumdurlar", deyə Oleq Dunda fikirlərini əsaslandırıb və əlavə edib ki, Rada tərəfindən baxılan ikili vətəndaşlıq haqqında qanun layihəsində artıq bir məhdudiyyət nəzərdə tutulmuşdur.

Qanunverici qeyd edib ki, hazırda ölkədə təxminən dörd milyon ukraynalı başqa ölkələrin pasportları ilə yaşayır və onların yarısı "təcavüzkar ölkə" sənədi ilə yaşayırlar.

Dunda xatırladıb ki, artıq dünya praktikasında oxşar hallar olub. O, misal olaraq, 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Kommunist Partiyasının fəaliyyətində iştirak edənlərin hökumət orqanlarına seçilməsini qanuni olaraq qadağan edən Latviyanı göstərib.

Xatırladaq ki, Ukrayna konstitusiyasına görə, indi ölkə vətəndaşları yalnız bir vətəndaşlığa sahib ola bilərlər. Bununla belə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası əvvəllər hökumətə ikili vətəndaşlığın tənzimlənməsi ilə bağlı qanun layihəsi hazırlamağı tapşırmışdı. Ölkə Prezidenti Vladimir Zelenski bu qərarı dəstəkləyib. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə, səlahiyyətlilərin Rusiyadan başqa bütün ölkələrdə ikili vətəndaşlığa icazə verməyi planlaşdırdıqlarını söyləyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə