Ölkədən qaçan... əfqan pilotların aqibəti necə olacaq?

Əfqanıstanda “Taliban” hakimiyyətə gələn ərəfədə əksəriyyəti Amerikada təlim keçmiş əfqan pilotlar təyyarələri ilə ölkədən qaçdılar. Belə ki, pilotlar ekipaj üzvlərini və ailələrini də götürərək şimaldan Orta Asiyaya uçdular: təyyarələrin çoxu Tacikistana, kiçik bir qrupu isə Özbəkistana endi.

Təbii ki, bu dəqiqə əfqan pilotlarının sığındıqları hər iki dövlət onlar üçün elə də təhlükəsiz yer kimi dəyərləndirilə bilməz. Deyim ki, bunu “The Diplomat” nəşri də etiraf edir. Bununla yanaşı, nəşr həmin əfqan pilotların yaxın zamanlarda ABŞ-a göndərilə biləcəklərini də real saymır. Məsələ bundadır ki, burada söhbət təkcə pilotlar və onların ailə üzvlərindən deyil, həm də onların “oğurladıqları” 46 təyyarə, “Black Hawk” və “Mi-17” helikopterləri, həmçinin “A-29” yüngül hücum, “PC-12” kəşfiyyat təyyarələrindən gedir. Bundan əlavə isə, 450 nəfər əfqan təyyarə və helikopterlərlə avqustun 15-də Özbəkistanın Termez,. 140 nəfərdən çox başqa bir qrup isə 18 təyyarə ilə Tacikistanın Bokhtar şəhərinə uşublar.

Maraqlıdır ki, bu gün özünü ciddi təzyiq altında görən Özbəkistan, əfqan pilotları ölkədən göndərmək üçün hər şeyi edir.

Məsələ bundadır ki, nə Özbəkistan, nə də Tacikistan uzun müddətdə qaçqınları qəbul etmir, halbuki hər ikisi ABŞ -a və digər Qərb ölkələrinə təyyarə ilə Əfqanıstanı tərk edənlər üçün tranzit və müvəqqəti sığınacaq təşkil etməyə kömək etdi. Son bir neçə il ərzində “Taliban”la danışıqlar aparan Daşkənd yeni hökumətlə işləmək niyyətində olduğunu və bəlkə də onu tanıdığını açıqladı. Amma özbəklərdən fərqli olaraq, tacik hökuməti daha diqqətlidir. Prezident Emoməli Rəhmon, Əfqanıstanda yaşayan çoxlu tacikləri nəzərə alıb etnik ölçülərə diqqət yetirərək yalnız "əhatəli" bir hökuməti tanıdığını söylədi. “Taliban”nın müvəqqəti hökumətini isə əhatəli adlandırmaq olmaz.

Qeyd edək ki, ötən bazar Özbəkistanda “pənah gətirən” ilk əfqan pilot qrupu Birləşmiş Ərəb Əmirliklərində yerləşən ABŞ hərbi bazasına göndərildi. Tezliklə daha iki qrupun təxliyə ediləcəyi də gözlənilir. Pilotların və təyyarələrin Əfqanıstana qayıtmasını tələb edən “Taliban” isə bütün olanlarda ABŞ-ı təqsirkar bilir.

“Pilotlar vətənlərinə qayıtmalıdırlar, onlara ehtiyacımız var ... Ölkəni qurmağa yeni başlayırıq. Dünya Əfqanıstanın yenidən qurulmasına və xalqımızın iqtisadi rifahına mane olmamaqla kömək etməlidir ”. Qeyd edək ki, bunu “Taliban” sözçüsü Suhail Shaheen deyir.

...Bildirək ki, 2010 -cu ildən bəri ABŞ Müdafiə Nazirliyi Əfqanıstan Hərbi Hava Qüvvələrinin və xüsusən də xüsusi döyüş birliyinin inkişafı üçün 8,5 milyard dollardan çox vəsait ayırıb. Məsələ bundadır ki, “Taliban”ın isə heç vaxt nə təyyarəsi, nə də uçan bir aparatı olmayıb.

Onu da bildirək ki, bu gün taliblərin təyyarələrin geri qaytarılacağı təqdirdə əfqan pilotlarının bağışlanacağı ilə bağlı deyilənlər elə də inandırıcı görünmür.

Daha bir maraqlı nüans: məsələn, Qərb mətbuatı Tacikistana enən əfqan pilotların Özbəkistana uçanlar qədər çətin vəziyyətdə olmadığını yazırlar. Onlara görə, Tacikistandakı Əfqanıstan pilotlarının Özbəkistana nisbətən taliblərə təhvil verilməsi təhlükəsi daha azdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə