AB Orta Asiyada qaçqın düşərgələri qurmaq istəyir…

...əfqan qaçqınlarını özlərindən uzaq tutmaq üçün
AB Orta Asiyada qaçqın düşərgələri qurmaq istəyir…

Bu gün bəzi Avropa rəsmiləri son vaxtlar Avropaya gələn əfqan qaçqınlarının sayının artması ilə bağlı çəpər və divarları ciddi profilaktik tədbir kimi görmürlər. “Schengen Visa Info”-ya görə, bəzi səlahiyyətlilər belə yerlərin qanunsuzluqlarla - döyülmə, zorakılıq və hətta qaçqınların öldürülməsi halları ilə məşhur olmasına baxmayaraq, əlavə düşərgələrin tikilməsini bu problemin həllinə kömək edə biləcəyinə inanırlar.

Beləliklə, bu ayın əvvəllərində Brüsseldə keçirilən görüşdə Avropa Birliyi daxili işlər nazirləri əfqan qaçqınların yerləşdirilməsi və onların digər ərazilərə sərbəst hərəkətinin qarşısının alınması üçün düşərgələr (?) tikilməsini müzakirə ediblər. Belə ki, qaçqınların Avropada beynəlxalq sığınacaq axtarmasının qarşısını almaq üçün İran, Pakistan, Özbəkistan, Tacikistan və Türkiyə kimi ölkələrdə düşərgələrin salınması təklif edilib. Necə deyərlər, təki “mədəni Avropadan” uzaq olsunlar.

Qeyd edək ki, Brüssel Əfqanıstanın qonşu ölkələrinə qaçqınları qəbul etməsi və düşərgələrini saxlaması üçün 600 milyon avroluq bir paket üçün təkliflər hazırlamağı da təklif edib. Məsələn, bəzi avropalı rəsmilərin fikrincə, belə bir addım 2015 -ci il miqrasiya böhranının təkrarlanmasının qarşısını ala bilər. Xatırladaq ki, 2015 -ci ildə Türkiyə ilə Avropa Birliyi səlahiyyətliləri arasında yaşanan gərginlik fonunda bir milyona yaxın qaçqın Avropa ölkələrinə giriş icazəsi almışdı. İndi avropalı başbilənlər bunun yenidən təkrarlanmasını istəmirlər. Məsələn, Almaniya Daxili İşlər naziri Horst Zeehofer, bunun qarşısını almaq üçün diplomatik səylərin gücləndirilməsini vacib bilir.

Buna baxmayaraq, elə Almaniya da daxil olmaqla Danimarka və Çexiya Daxili İşlər Nazirləri ortaq bir bəyanatla çıxış edərək, əfqan qaçqınlara kömək etmək üçün dəstək verəcəklərini bəyan ediblər. Yəni onların bu istəyi daha çox “qeyri-qanuni” qaçqın axınının təkrarlanmasını dayandırmağa hesablanıb.

Xatırladaq ki, bir çox qaçqın hazırda Avropada, məsələn Kanar adalarında, Türkiyə və Yunanıstanda düşərgələrdədirlər. Aİ -nin Daxili İşlər üzrə Komissarı İlva Yohansson əvvəllər bu vəziyyətin təkrarlanmayacağına söz versə də, miqrant və qaçqın problemləri hələ də Avropa İttifaqının əsas problemlərindən biri olaraq qalır və belə görünür ki, problemin effektiv bir həlli yoxdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə