Rusiya və Belarus ortaq aqrar siyasət formalaşdıracaq

Rusiya və Belarus vahid aqrar siyasət formalaşdırmağa razılıq veriblər. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya baş naziri Mixail Mişustin və Belarus baş naziri Roman Qolovçenkonun birgə bəyanatında qeyd olunur.

Bildirilir ki, hər iki ölkənin hökumət başçıları sentyabrın 10-da Birlik Dövlətinin Nazirlər Şurasının iclasını keçiriblər. Görüşün nəticəsi olaraq, "2021-2023-cü illər üçün Birlik Dövlətinin yaradılması haqqında Müqavilənin müddəalarının həyata keçirilməsinin əsas istiqamətləri" və Rusiya-Belarusiya inteqrasiyasının gücləndirilməsi ilə bağlı vəzifələrin həyata keçirilməsinə yönəlmiş 28 birlik proqramı təsdiq edilib.

"Tərəflər kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarətinin həcmini artırmaq, inzibati maneələri aradan qaldırmaq, ərzaq təhlükəsizliyini təmin etmək və kənd təsərrüfatının birgə elmi-texniki inkişafını təmin etmək üçün kənd təsərrüfatı sahəsində qanunvericiliyin təxmini razılaşdırılması barədə razılığa gəliblər", deyə məlumatda qeyd olunur.

Bundan əlavə, ölkələr ticarət və ictimai iaşə işlərinin tənzimlənməsi sahəsində vahid tələbləri təmin edən normativ hüquqi aktların qəbul edilməsi, habelə bu sahədə qanunvericiliyin uyğunlaşdırılması barədə razılığa da gəliblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə