“Bəlkə də qaytardılar”...bu dəfə Qarikin ifasında...

“Bəlkə də qaytardılar”...bu dəfə Qarikin ifasında...

...Deməli, haradaydı o, deyirdi ki, ümid hələ də var və bu ümid uçurumun bir addımlığında olmasına baxmayaraq, hələ ki, tükənməyib. Amma burada mənə elə gəlir ki, bu düzgün deyim deyil. Əslində elə “ümid sonda ölür” məsəli də bəzi hallarda yerinə düşmür. Çünki bunların ümidi elə ilk günlərdə ölüb deyə, indi də dillərinə güc veriblər...nə isə, çox baş aparmayaq.

Beləliklə, ötən gün ermənilərin yeni bir “dilinə güc verəni” peyda olub: politoloq Qarik Keryan. Deməli, bu erməni politoloq da ermənilərin ölmüş ümidlərinin “dirilmə” ehtimalına öz töhfəsini verməyə çalışaraq, əsl erməni politoloqu olduğunu sübut etməyə çalışıb.

Deməli, onun dediyinə görə, bu gün artıq ruslar həmişə onlara müti qul olmuş sadiq ermənilərə qarşı son illərdə etdikləri “böyük səhvi” anlayaraq yenidən ermənilər tərəfə əyilməyə başlayıblar: “Bu gün Rusiya səhvini anlayıb yenidən ermənipərəst mövqeyə doğru sürüklənməyə başlayıb. Bunun da səbəbləri var. Çünki ruslar Qarabağ məsələsində Türkiyə və Azərbaycanla əməkdaşlıqda kobud səhvə yol verdilər”.

Deyim ki, bunu Qarik Keryan erməni saytlarından birinə danışarkən bildirib.

Onun sözlərinə görə, əgər türklər ruslarla, doğrudan da, dostdurlarsa, bəs onda niyə türklərin XİN rəhbəri Kiyevdə keçirilən “Krım Platforması” zirvə toplantısına qatıldı? Niyə, Krımın Ukraynanın ayrılmaz bir parçası olduğunua səs verdi?

Amma türklərdən fərqli olaraq biz ermənilər nə tədbirə qatıldıq, nə də səsvermədə iştirak etdik.

Əslində, biz həmin tədbirə dəvətli olmasaq da, amma ruslar bilirdilər ki, biz tədbirə dəvətli olsaydıq da onların dediklərindən kənara çıxmazdıq, yəni rusların əleyhinə səs-zad verməzdik, axı biz ... əhdə sadiq millətik...

Keryana görə, ruslar Azərbaycan məsələsində də aldanıblar. Çünki, Moskvanın əsas məqsədi əvvəldən Azərbaycanı Avrasiya İqtisadi Birliyinə inteqrasiya etmək olub. Qarik bu barədə “məxfi məlumata” malik olduğunu da gizlətmir.

...Guya Azərbaycan ruslar qarşısında şərt qoyub: “Qarabağ məsələsini həll edin, mən gələcəm”. İndi də ruslar gördülər ki, Qarabağla bağlı “qərar”dan sonra da Azərbaycan gəlmədi və hətta əksinə - Türkiyə ilə daha da yaxınlaşdı.

Keryanın fikrincə, bu paradoksal görünə bilər, amma bu gün Qarabağ probleminin köklü şəkildə müzakirəsi üçün müharibədən əvvəlkindən də daha əlverişli şərait yaranıb. Amma burada yeganə problem odur ki, Azərbaycan tərəfinin danışıqlar masasına oturması çox çətin olacaq.

“Əslində danışıqlar masasında yalnız “artsax”ın statusu məsələsi qaldığından, mənə elə gəlir ki, Azərbaycan heç bir halda bu masada oturmayacaq”. Bunu da erməni politoloq etiraf edir.

Bəs, belə olan halda görən ermənilərin ölən ümidləri, yenidən dirilib nəyəsə ümid edə bilərmi?

..Allah Sizə rəhmət eləsin, Mirzə Cəlil, belə görünür ki, Sizin o məhşur “Bəlkə də qaytardılar” əsəriniz hələ də öz aktuallığını qoruyub saxlamaqdadır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə