“Artsax” ermənilərini kim və kimdən qoruycaq?

Babayanın “min oyunu” himayədarlarından gözlədiyi ianənin çoxala biləcəyi ehtimalına hesablanıb, amma...
“Artsax” ermənilərini kim və kimdən qoruycaq?

Ermənilər, indi də deyirlər ki, guya Azərbaycan Türkiyə ilə “əlbir olub” “artsax”ın qalan hissəsindəki Rusiya hərbi kontingentinin sayını azaltmaq və sonradan isə zərərsizləşdirib buralardan uzaqlaşdırmaq üçün səy göstərəcəklər.

...Guya Azəbaycanın Rusiya sülhməramlılarının mandatı ilə bağlı danışıqları yubatması da buna hesablanıb.

...Guya Qərbin (ilk növbədə ABŞ və Aİ-A.B.) maraqları da bu kontekstdə Azərbaycanın mövqeyi ilə üst -üstə düşür: yəni Rusiya sülhməramlılarını geri çəkmək və onları Türkiyə ilə əvəz etmək. Və hətta Ağdamda fəaliyyət göstərib vəziyyəti izləyən Rusiya-Türkiyə ortaq mərkəzi də bu yolda ilk işarədir.

Ermənilərə görə, bu gün rus sülhməramlıları “artsax”ın azca qalan hissəsində əhalinin fiziki təhlükəsizliyini təmin etsələr də, amma azərbaycanlılar da “dinc dayanmırlar”, məzlum “artsax” xalqına qarşı “təxribatlar” törədirlər, rus sülhməramlıları üzlərini yana çevirən kimi, “yerli artsaxlıları” daşlayırlar.

...Deyim ki, erməni saytlarında bunun sübutu kimi sındırılmış bir pəncərə şüşəsini də şəkil kimi qoyublar. İnsafən, pəncərə şüşəsinin qəsdən, yəni raqatqayla vurulub sındırıldığı o dəqiqə sezilir.

...Nə isə, uzatmayaq, bircə onu deyim ki, Allah bu sınıq şüşələri tapıb şəkilini çəkənin, onu sayta yerləşdirənin bəlasın versin...Adam baxa bilmir, ürəyi ağrayır...

Hə, nədən danışırdıq, deyəsən, yadıma düşdü.

Deməli, ermənilər daha sonra deyirlər ki, rus sülhməramlılarının kontingenti “artsax”da daha 4 il qalacaq. (...dörd il nədir ki, köhnə kişilər demişkən, papağını fırlat, gəlib keçəcək- A.B.) Bu müddət ərzində olmadı elə, oldu belə, yəni bölgədə və Rusiyada gözlənilməz kardinal dəyişikliklər baş verə bilər. Lap elə deyək ki, Rusiya-Türkiyə biri-birindən inciyə bilər, münasibətləri kəskin şəkildə dəyişə bilər. Bəs, bu halda, “bu məzlum artsax ermənilərinin” halı necə olacaq, onların təhlükəsizliyinə kim təminat verəcək?

Odey, David Babayan, “artsax xin rəhbəri”ni deyirəm, qan ağlayır. Deyir, artıq qabağın ala bilmirik. Nə qədər şirin dilə tuturuq, nə qədər vədlər veririk, xeyri yodur. Yoxlasan, bu gün “artsax ermənilərinin” yarıdan çoxu geyinib çemodanlarının üstündə oturub, aradan çıxmaq üçün məqam gəzirlər. Yaxşı, iksini mən tutub saxladım, iksini də, deyək ki, Araik (yəqin Araik Arutyunyanı - “prezidenti” deyir -A.B.) tutdu, bəs, qalanları necə olsun. Yenə də rus sülhməramlıları az da olsa qabaqlarını alıb, qaçanları tutub geri qaytarırlar. Bəs, 4 ildən sonra nə olacaq? Onları kim tutub geri qaytaracaq?

...Amma, o gün savadlı ermənilərdən biri danışır ki, guya Babayan, gopa basır, yəni olanları daha da şişirdir. Əslində, bu gün Qarbağ ermənilərini Azərbaycan tərəfdən heç bir təhlükə gözləmir. Gözlənilən təhlükə Araik Arutyunyanla yanaşı, David Babayan kimi sadə erməniləri təhlükəyə atan separatçılar üçündür. Bir də, deyilənə görə, David Babayanın yalandan hay-həşir salması, xaricdəki erməni diasporundan onlara çatan ianənin azalması ilə bağlı ola bilər. Yəni Babayanın “min oyunu” himayədarlarından daha çox həm maddi, həm də mənəvi dəstək əldə etməyə hesablanıb.

...Onsuz da Qarabağdakı separatçıların çətin vəziyyətdə olduğunu, yəni onların son günlərini saydıqlarını elə İrəvan erməniləri də yaxşı bilirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə