Zatulin yenidən ermənilərə minnətçi düşüb…

Zatulin yenidən ermənilərə minnətçi düşüb…

Soçidəki Rusiya erməniləri birliyinin keçirdiyi görüşdə İrəvanda Lazarev klubunun qurucusu və lideri Konstantin Zatulinin çıxışı ilə tanış oldum. Deyim ki, məni “riqqətə” gətirdi. Məncə, onun çıxışı Rusiya və Ermənistanın strateji birliyinin memarlığını sistematik olaraq yeniləmək məqsədini güdür.

“Halal olsun, hər kimdisə, mənə “at atı borca qaşır” məsəlini xatırlatdı. Nə isə, davamına baxaq.

Konstantin Fedoroviç Zatulin öz çıxışında ermənilərin Rusiya dövlətinin cənub sərhədlərində sabitliyə verdiyi tarixi marağı və böyük töhfəni özü ilə həmfikir olan insanlara inandırıcı şəkildə çatdıra bilib.

O, həmçinin fürsətdən istifadə edərək Ermənistan və Rusiyanın Qafqazdakı strateji milli maraqlarını, özünün erməni xalqına olan şəxsi sevgi münasibətini bir daha sübut etməyə çalışıb.

Deyim ki, Zatulinin bəzi etirafları onun “necə təmiz biri” olmasından xəbər verir. Məsələn, o deyir ki, bu gün bəziləri mənim mövqeyimi ermənipərəst kimi təqdim etməyə çalışır. Aldığım milyonlar və milyardlar haqqında sonsuz “yalan” danışırlar. Zarafat edirlər ki, indi “Qarabağ separatçıları” mənim Soçidəki bağımda toplaşırlar.

“…amma, sizə and içirəm, (…deyəsən, burada bir balaca tərəddüd edir) mən özüm də elə buralarda doğulub böyüsəm də, amma burada nə evim, nə də bağım var. Erməni də deyiləm, amma ermənilərə (…onların mənə əta etdikləri bəxşişlərə) “hörmətlə” yanaşıram. Ona görə də erməni xalqını sevən biri kimi, sizin baş naziriniz Nikol Paşinyana bir daha prezidentimiz Vladimir Putinlə görüşməyi məsləhət görürım. O, Rusiyaya sonsuz olaraq müraciət edə bilər, (..Putinin ayağına düşüb ağlayıb-sızlaya da bilər) amma ətrafındakı insanlara başqa şey deməməlidir. Nə bilim, Rusiya bizi atdı, Rusiya bizə kömək etmədi, xoşbəxtliyimizi başqa yerdə axtarmalıyıq, daha nə bilim nələr… Belə lazım deyil. Bunu Nikola da başa salmaq lazımdır. O anlamalıdır ki, əgər belə davam edərsə, beş ildən sonra Rusiyanın Ermənistandakı təsirindən çox az şey qalacaq.

…Məsəl var deyərlər, “Bir ayının min oyunu bir armudun üstündədir”. Bu gün Zatulin üçün armud da ki, “ermənilərin əli ilə” yenidən Rusiya Dövlət Dumasına deputat seçilməkdir. Məsələ bundadır ki, indi vəziyyət bir az qəlizləşib. Bu gün Soçidə birmandatlı seçki dairəsinin seçki komissiyasına 14 deputatlığa namizəd sənəd verərək deputat olmaq istəyir. İndi Zatulin “başıdaşlı” neyləsin? Əgər ermənilər həmişə olduğu kimi, bu dəfə də “podderjka” verməsələr, batıb gedəcək…
Yeri gəlmişkən bir daha xatırladaq ki, səkkizinci çağırış Rusiya Federal Məclisi Dövlət Dumasına deputatların seçkiləri 19 sentyabr 2021-ci ilə təyin edilib. Səsvermə sentyabrın 17-dən 19-dək üç gün ərzində baş tutacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə