Peyvənd olunana… teatra pulsuz bilet verilir

Peyvənd olunana… teatra pulsuz bilet verilir

Deyim ki, əntiqə tapıntıdır…kimin ağlına gələrdi? Beləliklə, bəzi ölkələrdə olduğu kimi, Ermənistanda da koronavirusa qarşı vurulan peyvəndin sonrakı fəsadını önə çəkən əksər ermənilər peyvənd olunmaqdan yayınırlar. Hakimiyyət isə, deyəsən, bunun qarşısını almağın, dediyimiz kimi, əntiqə yolunu tapıb. Deməli, indi Ermənistanda səhiyyə məntəqəsinə gəlib könüllü peyvənd olunanlara … teatra getmək üçün pulsuz biletlər veriləcək. Əla, al bileti, get teatra baxa-baxa kef elə. Doğrudan da, kimin ağlına gələrdi?

Amma məsələ bundadır ki, bəzi ermənilər belə gözəl bir təşəbbüsə də dodaq büzürlər. Deyirlər ki, pandemiyaya qarşı mübarizə aparan bir ölkədə yalnız zehni cəhətdən sağlam olmayan məmurlar insanları kütləvi tədbirlərə qatılmağa təşviq edirlər. Bəlkə düz demirlər?

Daha sonra da deyirlər ki, öz əhalisinin sağlamlığı ilə maraqlanmayan erməni səlahiyyətliləri, ölkədə turizmi inkişaf etdirmək üçün İran faktorundan hər cür yararlanmaq istəyirlər. Belə ki, dünyanın ən çətin epidemioloji vəziyyəti olan qonşu bir ölkə ilə sərhədi müvəqqəti də olsa bağlamaq əvəzinə, bunlar açıq saxlayıb pul qazanmaq üçün hər variantdan istifadə edirlər.

(…Bax, belə görünür ki, siz ermənilərin Azərbaycanı Gorus-Qapan yolunu bağlamaqda “ittiham etməniz” əsassızdır. Deməli, Azərbaycan ermənilərin qayğısına öz “doğma” hakimiyyətlərindən çox qalır-A.B.)

“…Bu gün dünyanın bütün sivil ölkələrində peyvənd könüllü olan bir prosesdir. Amma erməni hökuməti bunu anlamayanlar üçün belə bir tələ də hazırlayıb: indi peyvənd olunmayan vətəndaşlar, işlərini itirməmək üçün hər 15 gündən bir iş yerlərində ... COVID üçün yeni bir test təqdim etməli olacaqlar. Guya erməni hökuməti səmimi olaraq inanır ki, kasıb bir ölkədə belə bir tələb, hər testin dəyəri 15 min dram olaraq nəzərə alınmaqla, könüllü peyvənd olunma prinsipini pozmur”.

Deyim ki, bu fikirləri bəyan edən “Qolos Armenii” saytı belə bir etirafda da bulunur “…ya bizi tam axmaqlar idarə edir, ya da bizi idarə edənlər hamımızı axmaq hesab edirlər”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə