Regionun ən böyük “maneə mərkəzi”

Sən demə, İran-Ermənistan sərhədinin “suveren” Ermənistanın nəzarətində “olması” həm Rusiya, həm də Türkiyənin bu bölgəni bölmək planlarına mane olurmuş
Regionun ən böyük “maneə mərkəzi”

...Erməni mediası həyəcanlı bir şəkildə iki qardaş ölkə arasındakı əlaqənin kəsilməsindən yazır. Deməli, indi İrandan Ermənistana və ya geri, ancaq hava nəqliyyatından- təyyarədən istifadə etməklə çatmaq olar.

Bu da öz yerində, amma burada erməniləri yandırıb dədələrinə od qoyan isə bilirsiniz nədir? Erməni parlamentində yolun bağlanmasından danışarkən, iqtidar və müxalifət nümayəndələrinin onu “incə” bir şəkildə “Goris-Qapan yolu” adlandırmaları. Bəs, bu necə olur?

Axı, onlar məgər qanmırlar ki, bu yol kəndarası yol deyil, bu yol ermənilər üçün çörək, dövlətlərarası İran-Ermənistan magistral yoludur. Bu yolla qardaş İran dövlətindən gündə onlarla yük dolu tirlər Ermənistana azuqə (təkcə azuqəmi?) daşıyırdı. Bəli, dünənədək daşıyırdı, amma indi bu iranlı sürücü qardaşlarımızın hamısı İran sərhədində bardaş quraraq oturub Ermənistana keçmək üçün növbələrini gözləyirlər.

Qeyd edək ki, bəzi erməni saytları Bakının uzun müddətdən bəri İranla Ermənistan arasındakı əlaqəni kəsmək üçün zəmin hazırladığını bildirirlər. Onların yazdığına görə, bu il avqustun 11-də Bakı İran yük maşınlarının Qarabağa “Azərbaycan hakimiyyətinin icazəsi olmadan” daxil olması ilə əlaqədar İran səfirinə etiraz notası göndəribmiş. Bundan əlavə, daha sonra Azərbaycan Xarici İşlər Nazirliyi “İranın yeni rəhbərliyinin iki ölkə arasındakı dostluq və tərəfdaşlıq münasibətləri ruhuna uyğun olmayan hərəkətlərin qarşısını almaq üçün praktiki addımlar atacağına” ümidvar olduğunu da izhar edib.

Amma görən, İranın yeni rəhbərliyi bu məsələyə necə baxacaq? Bax, hazırda bu, erməniləri narahat edən məsələlərdən ən önəmlisidir. Görən, Ermənistan xarici işlər nazirliyi İranın yeni xarici işlər naziri ilə məsləhətləşmələr aparırmı? Deyəsən, o gün Ermənistanın təzə xarici işlər naziri Ararat Mirzoyan öz “Twitter” səhifəsində Əmir Abdollahiyana İranın xarici işlər naziri təyin olunması münasibətilə ən xoş arzularını bildirib. Təbii ki, bunun da effekti özünü çox gözlətməz, yəni müsbətə olar...

Bu arada ermənilərin “lragir.am” saytının yazdığına görə, guya İran-Ermənistan sərhədinin “suveren” Ermənistanın nəzarətində “olması” həm Rusiya, həm də Türkiyənin bu bölgəni bölmək planlarına mane olurmuş.

...Ay səni xətəkar..., burada deyirlət ey, “qoluna çöpdən dirək”.

Sən demə, həm Moskva, həm də Bakı Ermənistanla İran arasındakı əlaqəni kəsmək və Ermənistan-İran sərhədini nəzarətə götürmək üçün mümkün olan hər şeyi edirlər. Ermənilərə görə, əgər tərəflər bu problemi həll edə bilsələr, onda Ermənistan özünü tamamilə təcrid vəziyyətində görəcək.

Qeyd edək ki, bu gün erməni hakimiyyətindən bir “iş aşmadığını” görən, bəzi ermənilər, indi də bir zamanlar səs verdikləri müxalifət nümayəndələrinə ümid bəsləmək istəyirlər. Amma maraqlıdır ki, hələ ki, nə Robert Koçaryandan, nə Seyran Ohanyandan, nə də Serj Sarkisyandan bir səs-soraq eşidilməyib.

Az-çox qaraltı salmağa çalışan erməni ombudsmanı Arman Tatoyandı ki, ermənilər artıq onun da verdiyi bəyanatların “qara qəpiyə” dəymədiyini bildirirlər: “Azərbaycan hakimiyyəti yolların bağlanmasını əvvəlcədən planlaşdırıb”.

...Hə, indi nə olsun ki?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə