Qazaxıstan Prezidenti Cambıl vilayətindəki partlayışla əlaqədar istintaqın başladıldığını bildirib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Cambıl vilayətində baş verən partlayışla əlaqədar istintaqın başladıldığını bildirib. Ölkə başçısı hadisə yerinə Qazaxıstanın müdafiə naziri, fövqəladə hallar naziri, müdafiə nazirinin müavini və Müdafiə Nazirliyinin komissiyası ilə Hərbi Hava Qüvvələrinin hərbi-nəqliyyat aviasiyası Şurasının yola düşdüyünü qeyd edib.
SİA xəbər verir ki, Qazaxıstan Prezidenti Cambıl sakinlərinə müraciət edərək yanğının nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirildiyini bildirib. O qeyd edib ki, xilasedicilər, hərbi qulluqçular, həkimlər və cəlb olunmuş bütün şəxslər fəal işləyirlər. Təəssüf ki, zərərçəkənlərin sayı artır. Lakin bütövlükdə vəziyyətə nəzarət olunduğunu deyən ölkə başçısı sakinlərindən səbirli və təmkinli olmalarını xahiş edib.
Qeyd edək ki, Qazaxıstanın cənubunda, Cambıl vilayətinin Bayzak rayonunda yerləşən hərbi hissədə silah -sursat anbarında partlayış baş verib.
Partlayış nəticəsində yaralananların sayı 12-si hərbçi olmaqla 66 nəfərə çatıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hərbi hissənin yaxınlığındakı üç kənddən 700-ə yaxın insanın təxliyə edilməsi barədə Cambıl vilayətinin hakimliyi (qubernatorluq) məlumat yayıb.
Xatırladaq ki, Qazaxıstan Müdafiə Nazirliyindən verilən məlumata görə, partlayış yerli vaxtla saat 19.00 radələrində baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB