“Biz Ermənistanın suverenliyini itirdiyini düşünürük”

“Biz Ermənistanın suverenliyini itirdiyini düşünürük”

...Deyəsən axı, bunlar Nikola qarşı iddiada israrlıdırlar. Əslində, bu, onların dövlət rəhbərliyinə qarşı növbəli şəkildə verdikləri açıqlamalarda da özünü büruzə verir. İnanmırsınızsa, Siz də baxın...

“...Belə şey olar? Ermənistanın cənubu ilə şimalı arasında əlaqə artıq 14 saatdan artıqdır ki, yoxdur”.

Bunu da, hazırda Nikola qarşı “qənim” kəsilənlərdən biri, “Hayastan” blokunun deputatı Lilit Qalstyan erməni jurnalistlərinə verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, bu gün Nikol Paşinyan özündən əvvəlki hakimiyyətləri günahlandıraraq manipulyasiya etsə də, amma reallıq budur ki, bu gün Ermənistanda heç bir dövlətçilik və suverenlik yoxdur.

Qalstyanın fikrincə, bu gün hakimiyyət tərəfindən mütənasib heç bir hərəkət həyata keçirilmir, heç bir danışıqlar aparılmır, yollar bağlanır... Bundan əlavə, bu günkü Ermənistan parlamentində vəziyyət lazım olduğu yerdə də deyil. Ona görə də biz Ermənistanın suverenliyini itirdiyini düşünürük.

Maraqlıdır ki, Lilit Qalstyan ötən gün erməni parlamentində baş verən yaşantıların da hakimiyyət tərəfindən hazırlandığını bildirir. Onun fikrincə, Nikol bununla da ölkə daxilində düşmən obrazı yaradıb sonradan onun axtarışına çıxacağı ilə bağlı stimul yaradır. Hətta parlamentdəki son dava-dalaşda kimin kimə hücum edib zərbə endirəcəyi ilə bağlı təlimatları da, sən demə, Nikolun özü veribmiş.

Erməni millət vəkilinə görə, bu gün artıq “başı kəsilən” Syunikin icma başçıları da həbs ediliblər. Qalstyanın fikrincə, bu gün ölkədə müxalifətin təqibi hakimiyyətin qorxularından və bacarıqsızlığından irəli gəlir.

Qeyd edək ki, erməni deputata görə, 5 illik dövlət proqramının hakimiyyət tərəfindən təqdim edilməsində yaradılan narazılıqlar da hakimiyyətin oyunları olub. Guya hakimiyyət bu yolla ictimaiyyətin diqqətini xarici təhdidlərdən yayındırmaq istəyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə