Erməni parlamentə təqdim olunan hökumət proqramının müzakirəsi maraqlı hadisələrlə müşahidə və müzakirə edilməkdədir. Maraqlı deyəndə ki, erməni deputatlar Krılovun “sazəndələr”i kimi hərəsi bir yana dartırlar. Təbii ki, belə olan halda erməni deputatın erməni həmkarına butulka tolazlaması, təpık atması da adi hal kimi qəbul edilməlidir.
Qeyd edək ki, erməni parlamentində təmsil olunan bir qrup deputat hakim qüvvəni təmsil edən deputatların “Azərbaycan və Türkiyə ilə münasibətləri nizamlayıb və düşmənçilik səhifəsini əbədi olaraq bağlamaq” təklifini rədd edirlər. Yəni, onlar bununla demək istəyirlər ki, biz ermənilər “erməni kimi yaşamışıq, erməni kimi də öləcəyik”.
Belə görünür ki, onların bu sözləri deməkdə “kəsərli” əsasları da var. Məsələn onlar deyirlər ki, əgər türk və azərbaycanlılar indi “minnətçi düşüb” bizimlə dost olmaq istəyirdilərsə, onda gərək o vaxt “Bayraktarlar”ı bizim üstümüzə göndərməyəydilər. Bizə qayğı göstərib, bizi əzizləyəydilər, dediklərimizə razı olaydılar... və bəlkə onda onlarla dost olmaq barədə düşünərdik.
Bununla yanaşı onlar, o vaxt seçki kampaniyası keçirən Paşinyanın əyalətlərdəki görüşləri zamanı seçki məcəlləsini pozması ilə bağlı məlumatlı olduqlarını da gizlətmirlər. Belə ki, həmin görüşlər zamanı Nikol Azərbaycan və Türkiyənin həyata keçirdiyi nəqliyyat blokadasının sona çatmasının ermənilər üçün faydalı olacağını deyərək, guya onların beyinlərini doldururmuş. Ermənilərə görə, bu, çox “təhlükəlidir”. Əgər biz bununla razılaşsaq, onda bu gün Qara Göl və Sünikə “yaxınlaşan” azərbaycanlılar, sabah bizdən İrəvanın “boşaldılmasını” tələb edəcəklər.
Ona görə də biz hər vəchlə Sünikdən keçməklə Naxçıvana çəkiləcək “dəhliz tikintisi”nin qarşısını almalıyıq.
…Və sonda, biz ermənilər son 10 ay ərzində 2 sadə, lakin əsas suala hələ ki, cavab tapa bilməmişik. Belə ki, Sünikdə hansı millətin nümayəndələri (ermənilər, ruslar, azərbaycanlılar) gömrük və sərhəd nəzarəti aparmalıdır? Məlumdur ki, erməni tərəfi “dəhliz” sözünün istifadəsinə həmişə etiraz edə bilər, ancaq başqa bir ölkədən gələn gömrük işçilərinin və sərhədçilərin mümkün olması “erməni dövləti suverenliyinin” pozulmasıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB