Ermənistanda döyüşə qadınlar gedir

Ermənistanda döyüşə qadınlar gedir

Baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, Ermənistan hakimiyyəti ölkənin Silahlı Qüvvələrinə daha çox qadın cəlb etməyi planlaşdırır. Paşinyana görə, bəzi qüvvələr ordu islahatlarının gündəmini təcavüzkar siyasətə keçmək cəhdi, müharibəyə başlamaq istəyi kimi təqdim etməyə çalışır.

"Bu doğru deyil. Digər sülhsevər ölkələr kimi Ermənistan da Silahlı Qüvvələrini təcavüz üçün deyil, suverenliyin qorunması üçün inkişaf etdirəcək. Ermənistan döyüşmək və əraziləri ələ keçirmək niyyətində deyil", - Baş nazir bildirib.

Hökumət başçısı qeyd edib ki, Ermənistan tədricən peşəkar orduya keçəcək və çağırış xidmətinin strukturu əhəmiyyətli dərəcədə dəyişəcək: "Ermənistandakı sosial və iqtisadi həyatın müəyyən nüanslarını nəzərə alaraq əslində biz digər ixtisaslardakı insanları müqavilə xidmətinə cəlb edirik. Onlar müəyyən günlər ərzində xidmət göstərirlər, qalan vaxtda isə öz işlərini görürlər".

Paşinyan yaxın gələcəkdə üç aylıq təlimlərin başlayacağını və aktiv ehtiyat yaradılacağını xatırladıb: "Qadınları cəlb etməklə bağlı tezisin ideoloji əsası yoxdur, bu qərar yalnız praqmatik hesablamadan qaynaqlanır".

Onun sözlərinə görə, qadınlar ölkə əhalisinin əksəriyyətini təşkil edir və onların potensiallarından müxtəlif sahələrdə istifadə etməyə ehtiyac var. Bu, qadınların orduda kişilərlə eyni vəzifələri yerinə yetirəcəyi anlamına gəlmir. Mövcud imkanlardan maksimum istifadə etməklə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə