Putin Böyük Pyotrun ermənilərlə bağlı vəsiyyətinə “xəyanət edir”

Putin Böyük Pyotrun ermənilərlə bağlı vəsiyyətinə “xəyanət edir”

...Görürsünüz də, ermənilər indi də Putini Böyük Pyotrun vəsiyyətlərinə əməl etməməkdə ittiham edirlər.

Axı, o vaxt Böyük Pyotr öz təəbələrinə erməniləri qorumağı, onlara hər cür kömək etməyi vəsiyyət etmişdi. Budurmu, Putinin ermənilərə göstərdiyi kömək? Axı bu, Böyük Pyotrun ermənilərlə bağlı ruslar üçün qoyub getdiyi vəsiyyətə “hörmətsizlikdir”.

Odey, o gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova televiziyaya cıxıb deyir ki, Rusiya Bakı və İrəvanı güc tətbiqindən çəkinməyə, gərginliyi azaltmaq üçün yalnız siyasi və diplomatik vasitələrdən istifadə etməyə çağırır. Özü də Zaxarova bu çağırışı hər iki tərəfə, həm Azərbaycan, həm də Ermənistana ünvanlayır.

Əslində bu, həmişə öz əməli fəaliyyətləri ilə ruslara sadiq olan bir milləti, yəni erməniləri dolamaqdır. Doğrudan da, qəribədir: Zaxarova hansı gücdən danışır? Bu gün bizim belimiz elə qırılıb ki, yaxın 5-10 ildə düzələcəyinə özümüz belə ümid etmirik. Zaxarova Azərbaycanın qoşunlarının “bizim erməni ərazilərimizdə” olduğunu görmür bəyəm? O, hələ bir utanmadan Moskvanın Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası məsələsində lazımi məsləhət yardımı göstərməyə hazır olduğunu da deyir. İstəmirik, biz “sərhədlərimizdə” nə delimitasiya, nə də demarkasiya istəmirik. Əgər siz ruslar, doğrudan da, bizim ən yaxın dostumuz, müttəfiqimiz olsaydınız, bu iş bu qədər uzanmazdı. Çoxdan bizim xeyrimizə həll etmişdiniz. Əgər bunu bu günə qədər etməmisinizsə, onda elə bilin ki, “günah bizdən keçdi”.

Deməli belə görünür ki, bizim siz ruslara aldanıb, KTMT kimi yararsız bir quruma üzv olmağımız da əbəsmiş. Onun da “etibarını” gördük. Bizə, “haqq işimizdə” heç bir yardım-filan eləmədi. Ona görə də, biz artıq ölkəmizin KTMT sıralarında qalmasının mənasız olduğunu da düşünməyə başlamışıq.

Belə görünür ki, Rusiya Bakının və Ankaranın maraqları naminə strateji və tarixi müttəfiqinin maraqlarını qurban verərək, ölkəmizin rəhbərliyinə görünməmiş təzyiq göstərir. Biz bunu necə başa düşək, yəni doğrudanmı, “böyük erməni xalqı” üçün hər şey bitib?

...Yəni doğrudanmı, erməni rəhbərliyi “utancverici” şərtlərə razılıq verərək artıq təslim olur? Əslində, Nikol Paşinyanın təslim olması ilə bağlı bütün əvvəlki halları nəzərə alsaq, onda bütün bunlar elə də şübhəli görünmür. Ancaq hadisələrin ən faciəli inkişafı ilə məşğul olsaq, onda iddialar təkcə Rusiyaya deyil, mövcud hökumətə də edilməlidir.

Amma buna baxmayaraq, bütün bunlar Putin Rusiyasının bizə qarşı “haqsızlıq etməyə” elə də əsas vermir. Axı, ortada Böyük Pyotrın vəsiyyəti var. Böyük Pyotr bu vəsiyyətində açıq şəkildə ruslara onların erməniləri qorumaq, ermənilərin nazını tutmaq kimi tövsiyələri var.

...Odur, o gün Qazaxıstanda rus dilini təbliğ etdiyinə görə bir qazax müəllimini tutublar. Deməli, bu nədən xəbər verir, təbii ki, Qazaxıstanın Rusiyadan qopma hazırlığından. Əslində bu, Putinin bütün ittifaqlarının dağılması demək olacaq. Amma Kreml hələ ki, bütün bunlardan nəticə çıxarmaq istəmir.

... Biz ermənilər bunu Putinin Ermənistana münasibətində də açıq şəkildə görürük.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə