Nikolun yeni proqnozlarına “mız” qoyanlar

Nikolun yeni proqnozlarına “mız” qoyanlar

... Deyəsən, qələm yenə də düşmən əlindədir. Əslində, mən bunu onların yazdıqları yazının üslubundan tanıyıram. Sual oluna bilər, məgər erməni iqtisadçılarının hamısımı öz ölkələrinin iqtisadiyyatındakı tərəqqi və ya tənəzzülün proqnozunu dəqiq verə bilirlər? Bundan əlavə, həmən iqtisadçının “Hayastan” blokundan olması və ölkəsinin gələcəyi ilə bağlı bədbin proqnozlar səsləndirməsi əksər ermənilərə inandırıcı görünməyə də bilər. Məsələn, elə özünə iqtisadçı deyən təzə deputat Tadevos Avetisyan kimi…

Beləliklə, Nikol Paşinyanın Ermənistanın yaxın illərdə vəd etdiyi minimum 7 faizlik iqtisadi artımla bağlı proqnozlarına bu dəfə, dedimiz kimi, erməni iqtisadçı Tadevos Avetisyan “mız” qoymaq istəyir. Yəni o da deyir ki, guya Nikol küyə basır, ölkədə 7 faizlik iqtisadi artım üçün heç bir şərt, heç bir əsas yoxdur.

Xatırladaq ki, baş nazir Nikol Paşinyan ötən gün hökumətin qarşıdakı 5 il üçün proqramını təqdim edərkən, Nazirlər Kabinetinin 2026-cı ilədək ÜDM-in illik minimum 7 faiz artımını təmin etmək vəzifəsini “öhdəlik kimi” qarşısına məqsəd qoyduğunu söyləyib. Bununla yanaşı, baş nazır əlverişli xarici mühitin mövcudluğu şəraitində bu artımın hər il 9 faizə qaldırıla biləcəyini də gizlətməyib. Bu gün Ermənistanda işsiz çoxdur deyə, Nikol buna da əncam cəkəcəyini bildirib. Yəni qarşıdakı illərdə ölkədəki işsizlik 30 faizdən 10 faizə endiriləcək.

Qeyd edək ki, erməni baş nazirin dedikləri, nədənsə, “Hayastan” blokundan olan iqtisadçı Tadevos Avetisyanı qane etmir.

Bu gün Ermənistanı dar qrup maraqlarından çıxış edən populistlər tərəfindən idarə edildiyini deyən Avetisyan, hazırkı çətin şəraitdə ölkənin milli maraqları müdafiə edən mütəxəssislər tərəfindən idarə edilməsini məsləhət görür.

Ötənlərdə Nikolun ikirəqəmli iqtisadi artımla bağlı verdiyi vədi baş nazir və onun komandasına xatırladan erməni iqtisadçı, onlara son üç il yarımdakı fəaliyyətlərinin nəticələrinə yenidən baxmağı tövsiyə edir. Onun sözlərinə görə, investisiya axını iqtisadi artımın əsas amillərindən biridir, amma son illərdə Ermənistanda onların həcmi sürətlə azalmaqdadır. Ölkədəki olan-qalan kapital da artıq xaricə “uçurulur” ki, son aylar buna inflyasiyanın davamlı artması da əlavə olunmaqdadır.

“…Mən bu gün vəd olunan 7 faiz iqtisadi artımın əvəzinə 7 faiz inflyasiya əldə edəcəyimizdən qorxuram. Doğrudur, son 7 ayda ölkədə maaşlar orta hesabla 5,4 artsa da, amma ərzaq məhsulları orta hesabla üç dəfə artıb. Bununla belə, göstəricilər nəinki azalan iqtisadiyyatı xarakterizə edir, həm də əhalinin daha da yoxsullaşmasına kömək edir”.

…Deyirəm də, qələm düşmən əlindədir. Elə bil, hamısı Nikola badalaq gəlmək üçün növbəyə dayanıblar. Siz hələ Avetisyanın sonrakı dediklərinə baxın. Deyir ki, mən Ermənistanda işsizliyi azaltmaq planlarına şübhə ilə yanaşıram.

Sonra da deyir ki, Nikol yenə xalqa “lya” gəlir, yəni erməniləri boş vədlərlə “doyurur” və sonra bunlar yerinə yetirilmədikdə (guya onun buna şübhəsi yoxdur), günahkarları axtarmağa başlayacaqlar. Daha sonra da Avetisyan bu dəfə heç utanmadan, son illərdə hökumətin müxtəlif vergi alətlərinin köməyi ilə iş yerlərinin bir hissəsini “kölgədən” çıxarmağı bacardığını etiraf edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə