İlk iclasını avqustun 2-də keçirən Ermənistanın yeni parlamenti, sən demə, “erməni tarixinin” ən səriştəsiz parlamentlərdən biri kimi yaddaşlarda qala bilər. Əslində, bu gün erməni parlamentində baş nazir Nikol Paşinyanın tərəfdarları üstünlük təşkil etsələr də, amma azsaylı radikal bir müxalifət onlara “göz açmağa” imkan vermir.
Belə ki, “Hayastan” alyansının üzvləri parlamentin elə ilk açılış günündə iclas zalına üzərində “siyasi məhbus” sözləri yazılmış ağ köynək geyinərək gəlmişdilər. Onlar bununla Paşinyana göstərdikləri müqavimətə görə, həbs edilən iki həmkarlarına həmrəylik nümayiş etdirdiklərini bildirirdilər. Onlar hətta parlamentdəki içlasın gedişi zamanı hər iki məhbusun azad edilməsini də tələb ediblər.
“Bizdə parlamentdir, yoxsa sirk?”, “Gündəmin ilk günündə mübahisə”, “... parlamentə gətirilən yaramazları gördünüzmü? Qatillər bütün gün Ermənistanın məhv edilməsindən danışırlar” ...
Qeyd edək ki, bunlar erməni sosial şəbəkə istifadəçilərinin parlamentləri ilə bağlı gəldikləri qənaətdir.
Onu da bildirək ki, erməni parlamenti spikeri, onun müavinlərini və komitə rəhbərlərini seçməyi bacarsa da, amma bundan sonra demək olar ki, heç nə edə bilməyib. Belə ki, parlamentin bütün iclasları ixtilaflarla müşahidə olunaraq yekunlaşıb.
Deyim ki, bunlar da erməni saytlarının etirafıdır.
Yeri gəlmişkən onu da bildirək ki, bir müddət bundan əvvəl yeni erməni parlamenti onların fəaliyyətlərini işıqlandıran mətbuat işçilərinin parlamentə buraxılmaması məsələsini müzakirəyə çıxarmaq istəyirmiş. Lakin ölkə ombudsmanının məsələyə müdaxiləsi bunun müvəqqəti də olsa qarşısını alıb.
...Gərək ki, xatırlamış olarsınız, ermənilərin bundan əvvəlki parlamenti 2018-ci ildə Nikol Paşinyanın “məxməri inqilab”ından sonra formalaşmışdı. Yeni parlament isə, əksinə, bir çoxlarının inandığı kimi, Paşinyanın təsirsiz liderliyi nəticəsində ölkənin müharibədə fəlakətli məğlubiyyətinin ardınca gələn siyasi böhran nəticəsində elan edilən erkən seçkilər nəticəsində “qurulub”.
“...Bu gün Ermənistan parlamentdə müxalifət güclü mövqe tutmağa çalışır və qismən də olsa buna nail ola bilib. Onu da deyə bilərik ki, Ermənistan parlamentində heç vaxt belə radikal müxalifət qüvvələri olmamışdı”. Qeyd edək ki, bu fikirləri erməni analitik Qrant Mikaelyan bildirib. Onun sözlərinə görə, parlamentdəki işin keyfiyyəti hələ ki, dəqiq qiymətləndirməyib. Amma bütün bunlara baxmayaraq, reallıq budur ki, “...bugünkü erməni parlamentində hakim partiya nümayəndələri müxalifət ittihamlarına ancaq onları tənqid etməklə cavab verə bilirlər”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB