“Taliban”a qarşı vuruşmaq istəyənlərin sayı artır

Əfqanıstan müqaviməti Qərbdən silah göndərməsini xahiş edir
“Taliban”a qarşı vuruşmaq istəyənlərin sayı artır

Əfqanıstanın Pəncşir əyalətində “Taliban” tərəfindən nəzarət edilməyən əraziyə toplanan müqavimət hərəkatı döyüşçüləri Qərb ölkələrini onlara silahla kömək etməyə çağırıblar.

Bu barədə “The Washinqton Post” qəzeti məlumat yayıb.

Qeyd edım ki, SİA xarici mətbu orqanlarına istinad edərək dünən bu barədə də məlumat vermişdi.

Beləliklə, hazırda Əfqanıstanda “Taliban”a qarşı Müqavimət Cəbhəsinin lideri mərhum Əhməd Şah Məsudun oğlu kiçik Məsuddur. Bu gün Amerikanın ölkəsini çətin vəziyyətdə qoyduğunu bildirən Məsud Ağ Ev rəhbərliyini yenidən “böyük demokratiya arsenalı” olmağa çağırıb. Hazırda əsas problemlərinin silahla bağlı olduğunu bildirən cəbhə lideri Bayden administrasiyasından ondan bu istiqamətdə kömək istəyib.

Məsudun dediyinə görə, bu gün onun çağırışına cavab verən Əfqanıstan ordusunun döyüşçü və xüsusi təyinatlıları artıq Pəncşirə gəlməkdədirlər.

“Nə olursa-olsun, mən və mücahid döyüşçülərimiz Əfqanıstan azadlığının son qalası olaraq Pəncşiri müdafiə edəcəyik. Döyüş ruhumuz bütövdür. Bizi nə gözlədiyini təcrübədən bilirik. Ancaq daha çox silah, daha çox sursat və daha çox texnikaya ehtiyacımız var ”. Qeyd edək ki, bu, oğul Məsudun ABŞ və Qərbə ünvanladığı müraciətdəndir.

Qeyd edək ki, bir müddət bundan əvvəl təxminən 10 minə yaxın könüllünün də “Taliban”a qarşı döyüşmək üçün Pəncşirə gəldiyi bildirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə