Nikolun “uğurlu kadr siyasəti…”

Nikolun “uğurlu kadr siyasəti…”

Bu gün ermənilər Ermənistan və “artsax”ın tam tənəzzülünə və ümumiyyətlə, dövlətçiliyinin itirilməsinin tükdən asılı olduğunu artıq etiraf etməyə başlayıblar. Maraqlıdır ki, onlar açıq şəkildə olmasa da, “artsax”ın rus sülhməramlılarının “çiyinlərində” dayandığını və sabah rusların gedəcəkləri təqdirdə guppultu ilə yerə çırpılacağını da gizlətmirlər. Bəs Ermənistan? Əslində, buradakı vəziyyət də elə ürəkaçan deyil. Yəni Ermənistanda səlahiyyətlilər rəsmi olaraq Rusiya ilə “əbədi dost, qardaş” olacaqları barədə sənəd imzalasalar da, amma arxada mütəmadi olaraq ona tüpürürlər. Təbii ki, bu da ermənilər tərəfindən həmişə olduğu kimi, pərdəarxası həyata keçirilir.

Kim görəcək ki? Deyim ki, bununla da işimiz yox!

Amma bu gün Ermənistanın bəzi instansiyalarında Nikolun baş nazir kimi, hələ də qəbul edilməməsi göz önündədir. Qeyd edək ki, bu gün bəzi ermənilər Nikolun olub-qalan az-çox “hörmətinə” ləkə salmaq üçün əllərindən gələni etməyə çalışırlar. Onun gördüyü hər işə başlarını soxub orada “mız” axtarırlar. İndi də onlar erməni baş nazirin kadr siyasətini qurdalayaraq, tənqid etməyə girişiblər.

Guya Paşinyan kadr siyasəti həyata keçirərkən iki əsas “dəmir prinsipi” rəhbər tutur: birincisi, namizədin Robert Koçaryana olan nifrət dərəcəsi, ikincisi isə, ən pis halda komandaya sədaqət və təyin olunan şəxsin öz sahəsində heç nə anlamaması.

Bəzi ermənilərə görə, guya belə kadrların fonunda Paşinyan özünü nəinki erməni demokratiyasının atası, həm də böyük menecer kimi görür. Bunları deyən ermənilər elə-belə demirlər, daşdan keçər faktlar da göstərirlər. Məsələn, onlar deyirlər ki, 44 günlük müharibə başlayana qədər Milli Təhlükəsizlik Xidmətinə rəhbərlik edən və ölkənin hamıdan çox təhlükəsizliyini pozanın biri indi Nikolun əmri ilə ermənilərin İstintaq Komitəsinə rəhbərlik edir.

Yəqin ki, Arqişti Kyaramyanı deyirlər. Görən, Arqişti bu dəfə nə qələtə yol verib. Erməniləri dinləyək…

Beləliklə, ermənilərin dediyinə görə, demokratık Ermənistanın demokratık sakinləri Sünikdə demokratık bir toplantı keşirmək üçün Goris bələdiyyə başçısının müavini Menua Hovsepyanın imzası ilə Arqişti Kyaramyana yazılı şəkildə müraciət ünvanlayıblar. Öz demokratliyini əyani şəkildə nümayiş etdirən Kyaramyan da onların müraciətini əlüstü imzalayıb. Amma dünya demokratiyasından uzaq erməni demokratiyası ilə öz şərtini də irəli sürüb: toplantıya gələnlərin sayı 80 nəfərdən çox olmamalıdır.

Amma sonra məlum olub ki, sünik erməniləri erməni demokratiyasının ənənələrini pozaraq, toplantıya 80 nəfər əvəzinə, 115 nəfərdən artıq erməni toplayıblar.

Belə olan halda, Arqişti yazıq neyləsin? O da eləməyib tənbəllik və erməni demokratiyasına etdiyi “xəyanətə” görə Goris bələdiyyə başçısının müavini Menua Hovsepyanı bağışlamayıb, basıb erməni qoduğluğuna. Əslində, bu, elə də inandırıcı görünməsə də, amma çoxları toplantıya gələnlərin, həqiqətən də, 115 nəfərdən artıq olduğunu təsdiq ediblər. Amma onların dediyinə görə, toplantıya gələnlər kiminsə nitqinə qulaq asmağa yox, bir müddət əvvəl imkansız ermənilərə veriləcək maddi yardım adını eşidib həmin yardımı almaq ümidi ilə gələnlərmiş.

Deyilənə görə, Menua Hovsepyan burada elə də böyük qəbahət sahibi olmasa da, amma onun vaxtilə “Hayastan” blokuna dəstək verməsi öz sözünü deyib. Bütün bunlarla bağlı ötürülən danoslar Nikolun kadrı olan Arqişti Kyaramyanın qulağına çatıb.

Təbii ki, Nikola “sədaqət andı” içən Arqiştinin belə şeylərdə güzəştə getməməsi başa düşülməlidir.

…Deyim ki, Arqiştinin “göstərdiyi fədakarlığa” rəğmən elə mən də Nikolun “kadr siyasətini dəstəkləyirəm”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə