Ruslar “Taliban”dan qorxurlarmı?...

Ruslar “Taliban”dan qorxurlarmı?...

“...Rusiya hakimiyyəti “Taliban”dan qorxur və bu da, təbii ki, boş yerə deyil”. Deyim ki, bu, mənim fikrim deyil, rus saytlarından birində yer alan yazı müəllifinin gəldiyi qənaətdir.

“...hazırda əfqan cihadçılarının daha mehriban olmalarına baxmayaraq, Moskva gözlənilməz və idarə olunmayan təhdidlərlə mübarizə aparmalı olacaq”. Bu da rus yazarının başqa bir qənaətidir.

“...Bu gün “Taliban” Rusiya rəhbərliyinə “insani münasibət” göstərəcəyinə söz verir. Onların konstruktivliyinə inamın doğru olub-olmadığını qiymətləndirmək üçün, həqiqətlərdən daha səs-küylü olan, lal publisistlərin və saxta mütəxəssislərin hazırladıqları şifahi qabıqdan faktları ayırmaq lazımdır”.

Bu fikirlər də rus saytında yer alıb.

...Beləliklə, hazırda amerikalıların yavaş-yavaş Yaxın Şərq də daxil olmaqla Asiya və Afrikanın digər münaqişəli bölgələrini tərk etmələri artıq həqiqətə çevrilməkdədir. Məsələ bundadır ki, amerikalıların qoyub getdikləri əraziləri indi Rusiya da daxil olmaqla digər “oyunçu ölkələr” “araşdırmağa” başlayıblar. Belə görünür ki, növbəti “araşdırılası” ölkə Əfqanıstan olacaq...doğrudanmı, olacaq?

Maraqlıdır ki, bu gün bəzi siyasilər talibanlıların yaxşılığa doğru dəyişdiyini demək istəyirlər. Bəli, məhz demək istəyirlər. Əslində, onlar bunu “Taliban” rəsmilərinin son açıqlamalarına istinad edərək deyirlər. O da maraqlıdır, görən, “Taliban” Amerika modernləşməsinin meyvələrini məhv edəcəkmi? Bəziləri bunu mümkünlüyünü istisna etməsələr də, amma lazım da bilmirlər. Məsələ bundadır ki, “Taliban”ın yaxşılığa doğru dəyişdiyini söyləyənlər, amerikalılarsız Əfqanıstanın amerikalılar dövründə olan Əfqanıstandan o qədər də fərqlənməyəcəyini nəzərdə tuturlar.

Onu da qeyd edək ki, Əfqanıstan Amerikanın iyirminci ildönümü ilə müqayisədə nə qədər radikallığa doğru dəyişsə, bu, Rusiya üçün bir o qədər yaxşıdır, yəni ruslar üçün təhlükə daha az ola bilər.

Amma məncə bütün bunlar hələ ki, fərziyyədir. Çünki “Taliban”ın Tacikistan, Özbəkistan və Orta Asiyanın digər postsovet ölkələrindəki “dünyəvi diktaturaları” devirməklə hədələyəcəyi təqdirdə, Putinin həmin ərazilərə qoşun göndərməli olacağı istisna deyil.

...Bu gün bəzilərinə maraqlı görünə bilən nüans taliblərin maliyyə məsələsi ilə bağlıdır. Maraqlıdır ki, hazırda Əfqanıstanın heç kimə tabe olmadığı deyilsə də, amma bu, belə deyil, yəni onlar kimdənsə asılıdırlar. Qeyd edək ki, burada daha çox Pakistan və Çinin adı hallanır.

Təbii ki, bütün bunlar hamısı öz yerində. Amma etiraf edilməlidir ki, 20 il ərzində Amerikanın Əfqanıstanı işğal etməsi Moskvanın problemləri üçün əlverişli və hətta demək olar ki, ideal bir həll yolu idi. Amma hazırda bu problemləri dayandıracaq heç kim yoxdur. O da etiraf edilməlidir ki, ruslar Əfqanıstanla bağlı 90 -cı illəri hələ də qorxu ilə xatırlayırlar.

...Bütün bunlara rəğmən, görən, ruslar “Taliban”dan qorxurlarmı? Rus saytlarının yazdıqlarına inansaq, onlar bunu biruzə vermək istəməsələr də, amma... çox qorxurlar. Ona görə də, belə görünür ki, tezliklə rus televiziyaları rusların “canına hopmuş” bu qorxudan qurtulmaq üçün yenidən Jirinovski, Solovyov, Popov və Skabeyevanın xidmətinə ehtiyac duyacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə