Deyirlər, adətən simasızlıq, əslində, simaların çoxluğundan irəli gəlir, yəni... Gəlin, dediklərimizi hələlik ermənilərə şamil etməyək. Amma, dediyim kimi, hələlik…
Beləliklə, rusların Ermənistandakı səfiri Sergey Kopırkin məzunuyyətini ailəsi ilə birgə Ermənistanda keçirməyə qərar verib. Təbii ki, “yorğun səfir” məzunuyyətdədir, hara gedər, harada istirahət edər öz işidir. Amma onun Ermənistanda qalıb istirahət etmək istəməsi, erməniləri, harada da olsa, qane edir.
İmkanlı adamdır, çıxıb Ermənistanın bölgələrini gəzəcək, pul xərcləyəcək, nə qədər də olsa… hər halda erməni büdcəsinə xeyirdir. Rusiya səfiri məzunuyyətini Ermənistanda keçirəcəyinə qərar verərkən, “…nəyimə lazımdır Türkiyə sahilləri və ya Afrikanın cəngəllik suları” deməsi ermənilərin ürəyinə lap yağ kimi yayılıb. Deməli, Türkiyəyə istirahətə gedən rus turistləri Ermənistandakı rus səfirinin bu “çağırışına” etinasız qalmayacaqlar. Amma, yenə türklər demiş, nə yazıqlar ki, ermənilərin Sevan gölü boyu hotellər tikməyə nə maddi imkanları, nə də səriştələri var.
“Deyirəm, “ey gidi dünya”, pulları olsaydı, ermənilərin gəlhagəl idi ha…”
…İnsafən, Sergey Kopırkinin məzunuyyətini Ermənistanda keçirmək qərarı, onun ermənilərin qonşularından oğurlayıb “erməni mətbəxi” adı altında təqdim etdiyi yeməklər barədə söylədiyi xoş sözlər erməniləri bir az “yumşaldıb”.
Deyim ki, ermənilər neçə müddət idi ki, rus səfirindən “küsmüşdülər”. Səbəb, təbii ki, ermənilər hər xırda şeyə görə, adamdan küsən millətlərdən deyillər. Burada böyük bir səbəb vardı.
…Bu necə olur, Azərbaycan ölkəsindəki xarici səfirləri yığıb Şuşanı göstərməyə gətirir, amma biz Kopırkini şirin dilə tutub Ermənistan-Azərbaycan sərhədinə də gətirə bilmirik. İran səfiri gəlib səngərdən Azərbaycan tərəfinə boylandı. Amerikanın böyük əndamlı səfiri Linn xanım Treysi gəldi, özü də neçə dəfə…hətta bizə öz “dəyərli məsləhətlərini də verdi”. Amma rus səfiri bütün bu olanları görməməzliyə vurur.
İndi hər halda, “deyəsən rus səfiri də ağıllanıb”. Arvadı ilə oğlunu da salıb yanına, “əvəzolunmaz erməni nemətlərindən” dada-dada Ermənistanın bölgələrini “qarış-qarış” gəzir. Təbii ki, bu, yaxşıdır. Amma, əmma burdadır ki, o, hələ də Ermənistan-Azərbaycan sərhədinə yaxın düşməyib. Yəni səyahət zamanı seçdiyi yollar Ermənistan-Azərbaycan sərhədindən xeyli uzaqdır.
İndi biz ermənilər bunu necə başa düşək? Ola bilər, bu da rus siyasətidir. Belə ki, səyahəti boyu ancaq Ermənistanın Qərbinə üz tutan rus səfiri bir müddət sonra istiqaməti dəyişərək 102-ci Rusiya hərbi bazasına yaxınlaşıb.
Bax, “rus siyasətinin böyüklüyü” də budur. Yəni rus səfir bu əməli ilə nə demək istəyir? O demək istəyir ki, ay ermənilər, başa düşün, səfir Linn Treysi və digərlərindən fərqli olaraq biz siz erməniləri quru sözdə yox, əməldə qoruyuruq. Ona görə də bu qədər silah-sursatı bura sizin üçün daşıyıb gətirmişik.
Deyəsən, yazının əvvəlində simasızlıqla bağlı danışıb, bunu təkcə ermənilərə şamil etməyin düzgün olmadığını söyləmişdim axı…
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB