İranlılar peyvənd olunmaq istəyirlər, amma necə?

İranlılar peyvənd olunmaq istəyirlər, amma necə?

Gərək ki, ötənlərdə koronavirus pandemiyasının 6-ci dalğasını yaşayan iranlıların bu virus əleyhinə peyvənd olunmaq üçün Ermənistana gəldikləri barədə xəbər vermişdik. Məsələ bundadır ki, İran hökumətinin yerli əhaliyə peyvənd vurmaq imkanının olmaması, bu gün ölkədə narazılıqlara səbəb olmaqdadır. Belə ki, itaətsizlik əlaməti olaraq, iranlılar artıq maska ​​taxmaqdan imtina edərək, karantinə riayət etməyi dayandırıblar. Qeyd edək ki, İran bu günə qədər koronavirus pandemiyasının ən pis dalğası ilə mübarizə aparır, lakin əksər iranlılar hələ də peyvənd oluna bilmirlər. Xatırladaq ki, hazırda 80 milyondan çox əhalisi olan ölkədə, yalnız 3 milyon nəfər, özü də müxtəlif yollarla peyvənd oluna biliblər.

Nədir problem?

Bildirək ki, İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei dövlət səviyyəsində Qərb ölkələrindən peyvənd dərmanlarının alınmasından imtina etdikdən sonra, ölkə öz koronavirus peyvəndi hazırlamağa başlayıb.

Yeri gəlmişkən onu da deyək ki, “COV-İran Bərəkət” adını alan İran peyvəndindən ilk yararlananlardan biri İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin özüdür. Amma etiraf edilməlidir ki, İranda vaksin tədarükləri aşağı olaraq qalmaqdadır. Məhz bu da ölkənin qara bazarında vaksin satışına geniş yol açıb. Təsəvvür edin ki, qara bazarda 1350 dollara təklif olunan vaksinin bir partiyasını almaq hər bir iranlının cibinə uyğun deyil. Çünki bu gün İranın pul vahidi olan rial da çökür. Təbii ki, burada İrana qarşı qoyulan sanksiyalar da öz sözünü deməkdədir...

Daha bir maraqlı nüans İranda koronavirusa yoluxan və ölənlərin sayı ilə bağlıdır. Məsələn bəzi iddialara görə, bu saylarda şüurlu azaltmalar var. Yəni ölkədə bu virusa yoluxan və ölənlərin sayı təqdim olunandan xeyli çoxdur.

Hazırda İranın qara bazarlarında satılan koronavirus əleyhinə vaksinlərin keyfiyyəti də yerli əhali arasında şübhələr doğurur. Maraqlıdır ki, bəzi iranlılar bu vaksinləri almaqda da tərəddüd edirlər. Bəs, çıxış yolu nədir, təbii ki, xaricə üz tutmaq.

...Bu gün iqtisadi problemlər, o cümlədən su qıtlığı və elektrik enerjisinin kəsilməsi ilə bağlı etirazlarla üzləşən İran hökuməti ölkədə baş verə biləcək iğtişaşlardan ehtiyatlanır. Ona görə də, qabaqlayıcı addımlar atmağa qərar verib.

Beləliklə, İran Rusiya ilə 60 milyonluq “Sputnik V” almaq üçün bu ölkə ilə müqavilə bağlayıb. Deyilənə görə, bu günə qədər Moskva artıq bir milyondan çox “Sputnik V”-ni İrana çatdırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə