... Buna Vahan yazıq, neyləsin?

Bu ilin əvvəlində Ermənistanın iqtisadiyyat naziri əvəzi Vahan Kerobyan altı ay, yəni yanvar-iyun ayları ərzində İranla ticarət dövriyyəsini 2,5 dəfə artıracaqlarını bildirmişdi. Amma türklər demiş, nə yazıq ki, artıra bilmədi. Bildirək ki, hələ kecən il iki ölkə aralarındakı ticarət dövriyyəsini 400 milyon dollardan 1 milyard dollara çatdırmağı tərəflər bir növ “öhdəlik kimi” götürmüşdülər. Amma nə qədər dartsalar da, bu da alınmadı.

Məsələ bundadır ki, həmişə boyundan yuxarı tullanmağa adətkar olan biznesmen Vahan Kerobyanın İranla ticarəti 1 milyarda çatdıracağı barədə dedikləri, elə həmin vaxt bəzi erməni iqtisadçılarında bunun reallaşa biləcəyinə şübhələr doğurmuşdu. Onlar altı ay ərzində İranla ticarətin ikiqat artırılması üçün heç bir şərtin, heç bir əsasın olmadığını iddia edirdilər.

Amma maraqlıdır ki, İranın iqtisadiyyat naziri Fərhad Dejpasand də bir növ Vahana qəyyum çıxaraq 2021-ci ilin yanvar ayında oxşar bir bəyanat səsləndirmişdi.

İndi də Vahan deyir ki, biz İranla 1 milyardlıq ticarət dövriyyəsinə Yeqvarddakı “Armoil” zavodunun işə salınmasındn sonra nail olacağıq. Xatırladaq ki, ermənilərin “Armoil” zavodunda bitum və sürtkü yağlarının istehsalı planlaşdırılır. Yəni zavodda əsasən İrandan gətirilən mazutun distillə edilməsi nəzərdə tutulur. Bu isə ətraf mühitə xeyli ziyan vurur deyə, ermənilər də buna narazılıq edirlər.

Bundan əlavə, tərəflərin 1 milyardlıq ticarət səviyyəsinə çatmamalarına başqa səbəb isə, iki ölkə arasındakı yük daşımaları əlaqəsində olan maneələrdir ki, guya hələ də aradan qaldırılmayıb.

Bir tərəfdən, (yenə də guya) İran, erməni yük maşınlarının İrana girməsinə icazə vermir: sərhəddə malları İran maşınlarına yüklətdirir.

Digər tərəfdən, iranlı yük maşını sürücüləri Ermənistan ərazisindən keçmək üçün çoxlu pul ödəyirlər. (...yenə də erməni nəfsi).

Onu da qeyd edək ki, hazırda İrandan Ermənistana daha çox maye qaz və neft məhsulları, polimerlər, sement, armatur və digər tikinti materialları, həmçinin tərəvəz və meyvələr gətirilir.

Ermənistan isə İrana az miqdarda elektrik enerjisi və (“əla növ, yağlı”) qoyun əti verir.

...Yaxşı, indi tərəflərin bu qədər mal verib mal almalarına baxmayaraq, ticarət dövriyyəsini hələ də 1 milyarda çatdıra bilmirlərsə, buna Vahan yazıq neyləsin? Hıy?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə