Erməni rəsmilərinin ermənilərdən tələbi…türk malı almayın

Müştərisiz qalan erməni malları…
Erməni rəsmilərinin ermənilərdən tələbi…türk malı almayın

“...çox hörmətli erməni qardaşlar, erməni bacılar. Sizdən yenə də bir təvəqqe edirik, İrəvan dükanlarında satılan türk mallarını almayın. Qoy, onların iqtisadiyyatları çöküb getsin. Bundan sonra görüm, nə edəcəklər. Siz türk mallarının keyfiyyətinin yüksək olduğuna-zada inanmayın. Yaxında biz öz erməni iqtisadiyyatımızı qaydaya salandan sonra, sizin üçün onlardan da gözəl, onlardan da keyfiyyətli paltarlar tikəcəyik...alıb geyərsiz. Az qalıb...siz də şirin-şirin qoğal yeyərsiz... Buna, deyəsən, ondan bir az çox qalıb.”

...Sizi bilmirəm, amma mən Ermənistan Dövlət Gəlirlər Komitəsinin mətbuat xidmətinin erməni xalqına səsləndirdiyi bu çağırışa bütün ermənilərin etinasız qalmayacaqlarına əminlik izhar etmək istərdim. Amma sən demə, mən düşündüyüm qədər də deyilmiş. Məsələ bundadır ki, ölkənin gəlirlər komitəsinin nümayəndələri 8 aydan artıqdır ki, İrəvandakı dükanları bir-bir gəzib dükan sahiblərinə piştaxtalara qoyulmuş türk mallarının yığışdırılmasını tələb edirlər. Amma nə fayda, Ermənistan istehlak bazarını hələ ki, Türkiyə mallarından qurtara bilmirlər. Gəlirlər komitəsinin nümayəndəsi türk mallarını piştaxtadan yığdırıb gedəndən sonra, dükan sahibi onu yenidən yerinə qaytarır.

Çünki İrəvandakı dükan sahibləri Türkiyə malları ilə rəqabətə girəcək mal əldə edə bilmədiklərini etiraf edib, gələn komitə nümayəndələrinə də bunu sübut etməyə çalışırlar. Məsələ bundadır ki, bu gün Ermənistana Rusiya və ya digər ölkələrdən gətirilən təkcə elə geyim malları Türkiyədən gətirilən geyim malları ilə rəqabət aparmaq gücündə deyillər. Qeyd edək ki, bunu dükan sahibləri ilə yanaşı, hətta bəzi erməni rəsmiləri də açıq şəkildə etiraf edirlər.

Beləliklə, erməni rəsmi mənbələrinə görə, bəzi məhdudiyyətlərə baxmayaraq, hələ 2019 -cu ildə Ermənistana 268 milyon dollar dəyərində Türkiyə malları idxal edilib. Keçən il isə, başqa məhsullardan əlavə, Ermənistana 70 milyon dollardan artıq təkcə türk geyim malları idxal edilib.

Ermənilər isə bunun qarşısını almaq üçün hələ də baş sındırırlar. Nəhayət, deyəsən, onlar çıxış yolunu tapıblar: ölkədə tekstil malları istehsal edib onun inkişafına təkan verməklə. Dediklərinə görə, buna “uğurla” da nail olublar. Hətta istehsal etdikləri geyim mallarından xarici ölkələrə də ixrac edə biliblər. Amma buna baxmayaraq, istehsal edilən erməni geyim malları hələ də alıcı həsrətindədir. Çünki erməni alıçıları həmişə olduğu kimi bu gün də türk mallarına üstünlük verirlər.

Erməni rəsmiləri isə, qəribə də olsa, bunu bu sahədə dövlət siyasətinin olmaması ilə əlaqələndirirlər. Qərar verilib, qadağa qoyulub, amma erməni dükanlarında yenə də “peyda olan” türk geyim malları alıcısını tezliklə tapır. Erməni malları isə hələ də müştərisini gözləməkdədir.

...Bizim o kinoda necə deyirlər: “...siz də elə çəkin ki, hamı da baxsın da...”

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə