Ermənilər indi də ötən günlərin xiffətini çəkirlər

Ermənilər indi də ötən günlərin xiffətini çəkirlər

Ermənilərin “Arka.am” agentliyi bu ilin may ayının sonuna kimi Ermənistana bank sistemi vasitəsilə xaricdən pul köçürmələri həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 202 milyon dollar və ya 37 faiz artaraq 748 milyon dollar təşkil etdiyini bildirib. Maraqlıdır ki, ermənilər işləyib yaşadıqları təkcə Rusiya, ABŞ və Avropanın digər ölkələrindən deyil, həm də Qazaxıstandan da Ermənistandakı yaxınlarına vəsait göndərirmişlər. Bütün bunlar öz yerində…

Amma o da maraqlıdır ki, bu ilin may ayının sonuna olan məlumata görə, Ermənistandan xaricə göndərilən pul köçürmələri 2020-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 70 milyon dollar və ya 17,6 faiz artaraq 467 milyon dollar təşkil edib.

Qeyd edək ki, bu ermənilərin özlərinə də qəribə görünür. Axı bu ölkə sakinləri daha çox almağa öyrəncəlidirlər. Bəlkə də bunu bəzi erməni iş adamlarının xaricdə qurmaq istədikləri bizneslə də əlaqələndirmək olardı. Amma, sən demə, bu belə deyilmiş. Məsələ bundadır ki, bunu əksər erməni rəsmiləri də təsdiq edirlər.

Məsələ bundadır ki, bəzi erməni daha xaricdən Ermənistana yox, Ermənistandan xaricə pul köçürmələrinin müəyyən dövr üçün davamlı olacağını istisna etmirlər. Onların ehtimalına görə, bunu hazırda Ermənistan vətəndaşlarının daimi yaşamaq üçün xaricə getməsinin miqyasını nəzərə almaqla əlaqələndirmək olar. Məsələ bundadır ki, bu gün ermənilər ailələri ilə, əsasən də qohumlarından maddi dəstək aldıqları yerlərə köçürlər. Onu da qeyd etmək lazımdır ki, bu il əhalinin Ermənistandan çıxmasının miqyası çox böyükdür, yəni altı ay ərzində on minlərlə insan ölkəni tərk edib.

Təbii ki, bu Ermənistan kimi, ianələr hesabına yaşayan bir ölkə üçün böyük problemdir. Təsəvvür edin, bu ilin ilk yarısında Ermənistana göndərilən 748 milyon dolların təxminən 467 milyonu yenidən xaricə göndərilib. Erməni iqtisadçılarına görə, bu əslində Ermənistanda alınan pulun təxminən 70 faizinin yenidən xaricə geri qaytarılması deməkdir. Onların hesablamalarına görə, Ermənistandakı ermənilərin əlində qalan “xalis gəlir” cəmi-cümlatanı 280 milyon dollar təşkil edir ki, bu da hazırda ölkədə qalanların problemlərini həll etməyə kifayət etmir.

…Burada keçən əyyamları xatırlayan bəzi erməni iqtisadçıları həsədlə əvvəlki illərin, yəni xaricdən ölkəyə göndərilən qalaq-qalaq dollarların xiffətini çəkirlər… belə yerdə necə deyirlər … “arvad döyən kişini, it də tutar”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə