“Gözütox” xalqın elə də böyük olmayan “istək və tələbi” – ERMƏNİSAYAĞI
...Ermənilər deyirlər ki, guya Ermənistan-Rusiya münasibətlərini heçə endirməklə məşğul olan Vladimir Putin indi də bu münasibətlərin altına barıt yığdıtdırır. Bu barıtın da bomba halına gəlib partlaması Putinin hakimiyyətini başa vurub gedəndən sonrasına təsadüf edəcək. Onun yerinə gələcək yeni Rusiya rəhbəri üçün isə Ermənistanı “yenidən qazanmaq” əlçatmaz olacaq. Çünki həmin vaxt Ermənistan Rusiyadan çox-çox uzaqlarda olacaq-“Avropanın göbəyində”. Artıq bu zaman Rusiya Ermənistanı geri qaytarmaq üçün onun “ayaqlarına düşüb” yalvarsa da, ermənilər daha rusların “şirin dillərinə” uyub onların yanına qayıtmayacaqlar.
…Deyim ki, heç kim bunları ermənilərin utopik bir arzusu kimi qəbul etməməlidir. Siz özünüz də bütün bunların yaxın zamanlarda baş verəcəyinin şahidi olacaqsınız. Ona görə, biz bu gün erməni olaraq, yeni reallıqlar əsasında hərəkət etməliyik.
Beləliklə, hazırda əgər Qərbin məqsədi bütün postsovet məkanını demokratikləşdirməkdirsə, onda gərək ilk olaraq biz ermənilərə kömək etməlidir. Əslində, onlar buna məcburdurlar. Çünki bizim “erməni demokratiyamızdan əxz edilib öyrəniləcək” çox şeylər var. Ona görə də Qərb öz payını ölkəmizin üzərinə qoymalıdır.
Bundan əlavə, Qərb “Putinin zəhmindən” qorxub-eləmədən Ermənistanın Rusiya qandallarından qurtulması üşün əməli işə keçməlidir.
Ermənistanı Putinin yaratdığı saxta Avrasiya İqtisadi Birliyindən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından qopmasına kömək etməlidir. Bu gün biz ermənilərə kağız üzərində olan yalançı zəmanət lazım deyil. Bu təşkilatlar bizi ac qoymaqdan əlavə, heç müdafiə də etmədilər. Əksinə, Ermənistanın əriyini, pamidorunu “talayıb” yedilər.
Ona görə də, Qərb təcili olaraq, Ermənistanın NATO və Avropa Birliyinə qəbul etmək üçün konkret addımlar atmalıdır. Çünki Ermənistan demokratik, hüquqi dövlətin bütün prinsiplərinə tam uyğun olduğunu artıq sübut edib. Bunu Qərbdəkilər də “təsdiq edə bilərlər”.
Ona görə də əziz qərblilər, sizdən keçmiş sovetlər birliyinin “ilk demokratık dövləti” olaraq, biz erməniləri dünyanın sivil dövlətləri ailəsinə qatmağınızı rica edirik. Bizim bu addımı atmaqda sizdən elə də böyük təmənnamız da yoxdur, hələlik sadəcə olaraq, bir az maddi, bir az hərbi, bir az da siyasi yardım istəyirik. Hə, bir də, bir azdan sonra sizdən Türkiyə və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyinizi “tələb edəcəyik”.
...Özünüz də görürsünüz, dünyanın ən “gözütox” xalqıyıq deyə, istək və tələblərimiz elə də böyük deyil.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB