Karapetyanın “xox” gəlməsi yalanmış...

Karapetyanın “xox” gəlməsi yalanmış...

...Axır ki, “yerin yiyəsi” gəlib çıxdı. İndi gəl, dayan, görüm necə “dayanacaqsan” Ermənistan ordusunun qabağında. Artıq ermənilərin bütün media orqanları Arşakdan, onun “şücaətindən”, “verdiyi sərt əmrlə” bağlı bəyanatından yazırlar. Belə ki, bir müddət bundan əvvəl ermənilərin yeni müdafiə naziri Arşak Karapetyan nazirliyin kollegiya iclasında cəsarət edib, sərhədi keçmək istəyən azərbaycanlı hərbçilərin “yerindəcə məhv edilməsi” barədə əmr verib.

Belə görünür ki, Azərbaycan Ordusu əsgərlərinin artıq “kitabı bağlandı”. Yəni onlar üçün Vaqarşaq Arutyunyan dövrü arxada qaldı, ...“istəyəndə “erməni sərhədini” keçirdilər, istəməyəndə, qayıdıb gedirdilər”...

İndi artıq Ermənistan sərhədində yeni dövr başlayır- Arşak Karapetyan dövrü...bu gün artıq erməni sərhədini “quş da səkə bilməz”.

Təbii ki, bütün bunlara şahidlik edən ermənilər təəccüb və tərəddüd məngənəsində qalıblar. Məsələn, onlar Arşak Karapetyanın müdafiə naziri gələn kimi ermənilər üçün hər şeyin yaxşılığa doğru dəyişdiyinə təəccüblənirlər.

Tərəddüdlərinə səbəb isə, bir gecədə erməni ordusunun bölgədə döyüşə hazır vəziyyətə gələ bilməsi ilə bağlıdır.

Doğrudanmı, Serjik Sarkisyanın yarıtmazın biri kimi işdən qovduğu Arşak Karapetyan belə qabiliyyət sahibiymiş?

Görəsən bu, Nikol Paşinyan üslubunda oynanılan növbəti oyunlarından biri deyil ki?..

...Yəni doğrudanmı, sabiq müdafiə naziri Vaqarşak Arutyunyanın dövründə olduğu kimi, daha azərbaycanlılar “erməni ərazisində” özlərini rahat hiss etməyəcəklər?

...Yəni doğrudanmı, daha bundan sonra “sərhədi keçən” Azərbaycan Ordusunun əsgərlərini görən erməni əsgərləri gizlənmək üçün “siçan dəliyini satın almayacaqlar”?

...Qeyd edək ki, erməni saytları burada Azərbaycan Prezidentini müdrik bir siyasətçi kimi təqdim etməklə, üstəlik, ağıllı insanların müxtəlif ölkələrdə onun üçün çalışdığını da etiraf etmək məcburiyyətində qalırlar. Məlumdur ki, hazırda Nikol Paşinyan ermənilərin “biabırçı adlandırdıqları” güzəştlərə getməyə hələ ki, “tərəddüd edir”. Təbii ki, bu onun sonunu gətirə biləcəyinə də şübhə yeri qoymur. Amma Nikol “bu güzəştlərə” getməyə məhkumdur. Ermənilərə görə, Azərbaycan Prezidenti də bunu çox yaxşı başa düşür. Yəni o, gözəl bilir ki, Nikol və onun ətrafına “lələklərini təmizləmək, mövqelərini gücləndirmək” üçün vaxt vermək lazımdır. Bu vaxt həm də erməni müxalifətinin hücumunu cilovlamağa hesablanır. Məhz bu mənada, Nikol özünə yararlı Arşak Karapetyan kimilərin xidmətindən istifadə etmək məcburiyyətindədir. Deyilənə görə, Karapetyan Nikolun ən yaxın adamlarındandır. Nikol onun xidmətindən əvvəllər də, ermənilərin ikinci prezidenti olmuş Robert Koçaryanın həbs edilməsində yararlanıb. “...Bəs, yaxın adam daha hansı gündə tanınmalıdır?”

Ona görə də, bu gün Karapetyanın boğazdan yuxarı danışıb Azərbaycan Ordusu əsgərlərinə yalançı “xox” gəlməsi, dediyimiz kimi, Paşinyan üslubunda oynalınan oyunlardan biri olaraq indi də müdafiə naziri tərəfindən oynalınır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə