Seyran Ohanyanın haqlı etirafları

Seyran Ohanyanın haqlı etirafları

...Amma deyim ki, Seyran Ohanyan bir şeydə haqlıdır. Yəni o, bu gün Ermənistanla sərhədlərini bərpa edən Azərbaycan Ordusunun vaxtilə ermənilərin “özlərinki bilib” zəbt etdikləri torpaqların gələcəkdə geri qaytara bilməyəcəkləri ilə bağlı dediklərində...həqiqətən haqlıdır. Çünki o, sabiq bir müdafiə naziri kimi, erməni ordusunun qeyrətinə, üzr istəyirəm gücünə elə əvvəldən də bələd olanlardan biridir.

Bax, ermənilərə yer edən də budur. Ermənilərə görə, vaxtilə Ermənistan kimi “qüdrətli” bir dövlətin müdafiə naziri olan biri belə deyirsə, bəs onda digərləri necə düşünməlidirlər...

...Gəlin, əvvəldən başlayaq. Deməli, ötən gün ermənilərin yeni seçilmiş parlamenti ilk iclasını keçirib. İclasda söz alan ermənilərin keçmiş müdafiə naziri,.. indi isə təzə deputatı Seyran Ohanyan söz alaraq, Ermənistan sərhədində vəziyyətin təhlükəli olduğunu diqqətə çatdırıb. Vəziyyətin, doğrudan da, ciddi olduğunu deyən təzə deputat buna artıq susa bilmədiyini də etiraf edib. O, gələcəkdə, sərhəd demarkasiyasından sonra belə, azərbaycanlıları əvvəlki mövqelərinə qaytara biləcəklərinə inanmağını deməklə, elə bil vurub ermənilərin belini qırıb.

Ermənilər də qayıdıb deyiblər ki, bəs bu necə olur? Axı, dünənə qədər erməni ordusunun “yenilməzliyindən” danəçan Ohanyanın dedikləri yalanmış? Axı, bu necə olur? Məgər o, vaxtilə Qarabağda uduzacaqları təqdirdə özünü alnından vuracağına söz verdiyini unudub? Vaxtilə onun bir az fransızların almanlara qarşı hazırladıqları “Maginot line”dən, bir az haradansa çırpışdırıb “Ohanyan səddi” kimi erməni rəsmilərinə təqdim etdiyi “keçilməz səddi” Azərbaycan Ordusunun əsgərləri bir günün içində yerlə-yeksan etdilər. Belə ki, Ohanyanın bu “yenilməz səddi” azərbaycanlı əsgərlərinə dənizdəki adi “qum adadan” da adi təsir bağışladı. Daha bunlar artıq arxada qalıb.

...Bəs onda, ermənilərin Ohanyandan indiki istəkləri nədir? Belə görünür ki, onlar sabiq nazirdən, sadəcə olaraq, susmasını tələb edirlər... Çünki o da 2016 -cı ilin Aprel müharibəsindən sonra Serj Sarkisyan kimi yalan danışıb xalqı aldadanlar sırasındaydı. ...Minə qədər erməni əsgəri itirdiklərinə baxmayaraq, yalandan “azərbaycanlıları hər an məğlub edə biləcək “güclü bir erməni ordusuna” malik olduqlarını deyirdilər. Erməni xalqını aldatmaq üçün min dona girirdilər. Amma onların riyakarlığı, korrupsiyasının miqyası, 44 günlük müharibədəki məğlubiyyətdən sonra paradoksal olaraq hər bir erməniyə göründü.

...Ona görə ermənilər vaxtilə Ermənistanı talan edib onun sonunu yaxınlaşdıran Ohanyan, Sarkisyan, Koçaryan kimilərin susmasını tələb edirlər.

...Elə, ölkəni xilas etməyin, azərbaycanlıların indi dayandığı “erməni torpaqlarının” geri qaytarılmasının mümkünsüzlüyü ilə bağlı bəyanatlar da daxil olmaqla...

...Bir də ermənilərə yer eləyən bu fikirləri bir başqasının yox, vaxtilə “məğlubedilməz bir orduya malik olan” ölkənin keçmiş müdafiə nazirinin dilindən eşitmələridir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə