İngiltərə Rusiya və Çini ittiham etdi KOSMOSDA TƏHLÜKƏLİ FƏALİYYƏTDƏ

İngiltərənin aviasiya marşalı Maykl Uiqston Rusiya və Çinin həyata keçirdiyi kosmik fəaliyyətləri təhlükəli hesab edib. SİA xəbər verir ki, o bunu “Daily Telegraph”-a verdiyi müsahibəsində söyləyib.

Hərbi rəhbərin sözlərinə görə, Moskva və Pekin mütəmadi olaraq peykləri orbitlərdə başqalarına "yaxın" yerləşdirirlər, həmçinin kəşfiyyat məlumatları toplayırlar.

Uiqston, Çinin "lazer korlaşdıran silahlar" və "qəsdən radio tıxanması" mexanizmləri də daxil olmaqla peyk əleyhinə texnologiyaları inkişaf etdirdiyini vurğulayıb. O, Rusiya peyklərinin, öz növbəsində, "silah xüsusiyyətlərinə malik" olmasını və təhlükəsizliyi təhdid etdiyini bəyan edib.

Bundan əlavə, hərbçi gələcəkdə kosmosda qarşıdurmaların yaranma riski barədə xəbərdarlıq edib.

"Şübhə etmirəm ki, ora çox tez gedə bilərlər. Əgər bu barədə düşünməsək və indidən hazırlaşmasaq, doğru vaxtda, lazımi zamanda hazır olmayacağıq", deyə Uiqston fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, bu, Qərbin kosmosda müharibə təhlükəsini elan etdiyi ilk hadisə deyil. Bundan əvvəl İngiltərənin kosmik proqramının rəhbəri, vitse-marşal Harvey Smit də ABŞ komandanlığının ardınca Rusiyanı peyk əleyhinə silahların yeni sınağını keçirməkdə günahlandırıb və bununla əlaqədar narahatlığını bildirib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova isə, Vaşinqtonun kosmosa silah yerləşdirmə planlarına haqq qazandırmağa çalışdığını qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə