"Mossad ölkənin hakimiyyət strukturlarına sızıb" - İranın keçmiş kəşfiyyat naziri
İranın keçmiş kəşfiyyat naziri Əli Yunesi İsrailin "Mossad" kəşfiyyat xidmətinin ölkənin bir çox hökumət strukturlarına dərindən sızmağı bacardığını etiraf edib. Bu baxımdan bütün İran rəsmilərinin canlarını qorumalı olduqlarını söyləyib.
Əli Yunesi İranın "Jamaran" saytına ("Jamaran" saytı İran İslam Respublikasının qurucusunun nəvəsi Həsən Xomeyniyə yaxındır) verdiyi müsahibədə İsrailin kəşfiyyatı - Mossadın İranın bir çox hökumət strukturlarına sızdığını bildirib: "İranda Mossad agentlərini axtarmaq əvəzinə təhlükəsizlik xidmətləri iranlıları təqib edir. O həmçinin əlavə edib ki, yeni "paralel təhlükəsizlik qurumları"nın yaradılması İran Kəşfiyyat Nazirliyinin işinə mənfi təsir göstərib və onu zəiflədib.
Ə.Yunesi Məhəmməd Hatəminin prezidentliyi dövründə (1997-2005) Kəşfiyyat və Milli Təhlükəsizlik naziri vəzifəsində çalışıb. Onun sözləri İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın İsrail kəşfiyyatçılarına qarşı mübarizə aparan yüksək səviyyəli İran kəşfiyyatçısının özü İsrail agenti olması ilə bağlı ifadəsi ilə üst-üstə düşür.
Əhmədinejadın fikrincə İsrailin İrandakı kəşfiyyat əməliyyatlarının, o cümlədən nüvə və kosmik sənayelərə aid gizli sənədlərin oğurlanması, Mossad agentlərinin dövlət təhlükəsizlik xidmətlərinə sızmasından başqa bir şey deyildir: “Bu korrupsiya dəstəsi (İran kəşfiyyatı) nüvə elm adamlarının öldürülməsindəki rolunu və Natanz uran zənginləşdirmə fabrikindəki partlayışların kim tərəfindən törədildiyini açıqlamalıdır. Torkuzabad və İran Kosmik Agentliyindən əhəmiyyətli sənədləri oğurladılar. Bu zarafat deyil. Son dərəcə əhəmiyyətli sənədlər oğurlandı və ölkənin təhlükəsizliyi təhdid edildi".
İranın keçmiş prezidentinin açıqlaması İsrailin Mossad kəşfiyyat xidmətinin keçmiş rəhbəri Yossi Cohenin ölkəsinin Tehrana qarşı əməliyyatlarını, o cümlədən nüvə arxivinin oğurlanmasının təfərrüatlarını açıqlamasından sonra səslənib. Cohen İsrail "Kanal 12" televiziyasına verdiyi müsahibədə bu gizli əməliyyatın 31 yanvar 2018-ci ildə həyata keçirildiyini söyləyib. Əməliyyatda 20 Mossad agenti iştirak edib. İsrail kəşfiyyatının keçmiş rəhbəri onların kimliyini açıqlamayıb. Ona görə də bu agentlərin hamısının israilli olub-olmadığı məlum deyil.
Bundan əlavə, o, nüvə arxivindəki gizli sənədlərin İsrail agentləri İranı tərk etməzdən əvvəl də Tel-Əvivə rəqəmsal formada göndərildiyini söyləyib.
Xatırladaq ki, İsrail və İran həmişə "soyuq müharibə" vəziyyətində idilər, lakin son aylarda təkcə ittiham deyil, həm də real qarşudurmalarla müşayiət olunur, hətta gəmilərə qarşılıqlı hücumlar olur.
Bundan əlavə, bir neçə ay əvvəl Natanz uran zənginləşdirmə zavoduna hücum olub. Bu məsələdə də Tehran Tel-Əvivi günahlandırıb. İsrail eyni zamanda Suriyadakı İran hədəflərinə, İran tərəfdarı olan qruplara və milislərə çoxlu sayda hava zərbələri endirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB