Rusiya və ABŞ Cenevrədə müzakirələr edib

Çərşənbə günü Cenevrədə strateji sabitliyə dair məsləhətləşmələr zamanı ABŞ və Rusiya Federasiyasının nümayəndə heyətləri mövcud təhlükəsizlik təhdidlərini və nüvə silahlarına nəzarət perspektivlərini müzakirə ediblər. SİA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bəyan edib.

"ABŞ nümayəndə heyəti ABŞ siyasətinin prioritetlərini və mövcud təhlükəsizlik mühitini, strateji sabitliyə təhdidlərə dair milli vizyonumuzu, yeni nüvə silahlarına nəzarət perspektivlərini və strateji sabitlik mövzusunda gələcək sessiyaların dialoq formatını müzakirə edib", deyə Praysın yayımlanın bəyanatında bildirilir.
Qeyd olunur ki, ABŞ Dövlət Departamenti, Cenevrədə Rusiya ilə məsləhətləşmələrin ardından, Vaşinqtonun silahlı qarşıdurma riskini və nüvə müharibəsi təhlükəsini azaltmağa sadiq olduğunu diqqətə çatdırıb.
Bəyanatda deyilir: "Hətta gərginlik dövründə belə, proqnozlaşdırmanı təmin etmək, silahlı münaqişə və nüvə müharibəsi təhlükəsini azaltmağa sadiqik".

Xatırladaq ki, çərşənbə günü Cenevrədə Rusiya ilə ABŞ arasında strateji sabitliyə dair məsləhətləşmələr keçirilib. Görüş, iki ölkə prezidentləri arasında strateji sabitlik mövzusunda hərtərəfli bir dialoqa başlamaq üçün əldə olunan razılaşmaların hazırlanması baxımından baş tutub. Rusiya idarələrarası nümayəndə heyətinə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov, Amerika nümayəndə heyətinə isə dövlət katibinin birinci müavini Vendi Şerman başçılıq edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə