Səfir xanımın ermənilərə verdiyi “dəyər” - ERMƏNİSAYAĞI

Artıq yolumuz Qərbədir...

…Budur, siz də baxın, lap elə bir də baxın... Bu, böyük bir demokratik dövlətin digər demokratik dövlətə, yəni Ermənistana verdiyi ən böyük önəm nümunəsidir. Təbii ki, bunu Bakıda da görürlər. Əslində, bunun onlara necə təsir etdiyi barədə…heç danışmağa belə dəyməz. Çünki Amerikanın Azərbaycandakı səfiri Bakının “bütün cəhdlərinə baxmayaraq”, durub “qədim erməni şəhəri olan Şuşaya” gəlmədi, amma Ermənistandakı səfiri Linn Treysi xanım erməni Müdafiə Nazirliyinin nümayəndələrinin müşayiəti ilə “canına cəfa verib” Geqarkunik kəndinə gəldi.

Səfir xanım əndamının böyük olmasını belə gözə almadı və hətta xeyli yolu piyada da gəzdi, erməni zabitlərinə dəyərli məsləhətlərini verdi. Ordumuzun bölmə komandiri də ona böyük nəvaziş göstərdi. Dediklərinin hamısını dəftərinə qeyd etdi.

Səfir xanım ABŞ-ın Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlərlə bağlı narahatlığını təkrarladı, sərhədlərin delimitasiyasında güc tətbiqindən qaçmağı tövsiyə etdi. Əslində, bizim üçün önəmli olanı onun dedikləri yox, durub Geqarkunik kəndinə gəlməsi idi.

İndi Azərbaycan baxsın, görsün ki, Amerika kimi çox istəyir- siz azərbaycanlıları, yoxsa “demokratik ölkə” nümayəndələri olan biz erməniləri?

Əslinə baxsanız, burada şübhəli heç nə yoxdur. Çünki bütün bunların kökündə “erməni demokratiyasının” dayndığı şəksizdir. Belə görünür ki, zaman da artıq “bizim üçün” işləyir. Çünki demokratiya əsrlər boyu ucuzlaşmayan, əksinə, bahalaşan bir dəyərdir. Özü də sizə zarafat gəlməsin, “erməni demokratiyası” dünyada adnandır. Bu gün biz belə bir dəyər sahibiyik...

Amma yenə də bəzi “mənfiliklərinə” baxmayaraq, bu gün Nikol Paşinyan əvvəlki ölkə rəhbərlərindən fərqli olaraq, “ermənilərin qəhrəmanı” ola bilər. Təkcə rusların yalançı “dostluq” və “strateji müttəfiqlik” kimi steoratiplərini “cəsarətlə” aradan götürdüyünə görə... Bu gün bizim onun barədə dediklərimizə baxmayaraq, Nikol ağıllı və perspektivli bir şəkildə, eyni zamanda, dediyimiz kimi, “cəsarətlə” geri qalmış Rusiyanı yox, demokratik dövlətlər ailəsinə gedən yolu seçdi. İndi artıq ruslar bizi “inadımızdan” döndərə bilməzlər, çünki yolumuz Qərbədir.

...Özünüz düşünün, biz hara, ruslar hara? Vaxtilə hər işlərinə yarıdıq, hara barmaq tuşladılar ora qaçdıq, onları Böyük Vətən müharibəsində qalib etdik.., sonu da bu. Göz belə qırpmadan bizi “satdılar”. Amma bugünkü reallıq budur ki, artıq Putin üçün gerisayma başlayıb. Vladimir Vladimiroviç gələn payızda, Rusiya Dövlət Dumasına seçkilərdə daha ermənilərdən heç bir kömək gözləməsin. Çünki o vaxta qədər biz artıq Rusiyadan çox-çox uzaqda-demokratik Qərbin qucaq... yanında olacağıq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə