Ermənilərin “böyük ordu, böyük səfərbərlik” xülyası

Ermənilərin “böyük ordu, böyük səfərbərlik” xülyası

Bu dəqiqə Ermənistanda “öz gərəkli” məsləhətləri ilə gündəmə düşmək istəyənlərin sayı artmaqdadır. Deyəcəkləri fikirlərin əsası oldu, ya olmadı, onlar üçün elə də bir fərqi yoxdur. Məsəl var deyərlər, “suda boğulan saman çöpündən belə can dilər”. Təsəvvür edin ki, bu gün ermənilər üçün heç “saman çöpü” də kara gəlmir.

Maraqlıdır ki, dünənə qədər rusları “vəfasızlıqda”, erməniləri gəlib azərbaycanlıların əlindən almamaqda “təqsirkar” bilən ermənilər, indi də “...bəs ABŞ və Fransa hara baxır?”-deyə dad edirlər. Guya həmən dövlətlər, ermənilər qarşısında öhdəlik götürüblər...

Bu gün “ölüdən belə can diləyən ermənilər” Bakını “suveren bir dövlətin” ərazisinə “təcavüz etməkdə ittiham” edirlər. Hələ bir utanmadan “Ermənistanın geniş ərazilərinin itirilməsi ilə müşayiət olunan belə bir məğlubiyyətə dözə bilməyəcəklərini” də bildirirlər.

“Sovet Ermənistanının mövcud olduğu sərhədlər Sovet İttifaqının dağılması halında mövcudluğunu təmin etmirdi”. Bunu ermənilərin hərbi tarixçi kimi təqdim etdikləri Armen Ayvazyan adlı biri deyir. Onun dediyindən belə başa düşülür ki, guya Azərbaycanın elə ilk gündən məqsədi yalnız Qarabağ ərazilərini silahsızlaşdırmaq deyil, həm də bu gün Süniki də işğal edərək Ermənistan dövlətini məhv etmək olub.

Bəs, belə olan halda ermənilər neyləməlidirlər? Ayvazyana görə, bu gün rusların Ermənistan Silahlı Qüvvələrində genişmiqyaslı islahatlar apardığı barədə deyilsə də, amma sadə ermənilər bu barədə məlumatsızdırlar. Halbuki, onlar bu barədə məlumatlandırılmalıdırlar.

“Bu gün bizi ancaq döyüşə hazır olan Ermənistan ordusu və ümummilli silahlı xalq xilas edəcək”-deyən Ayvazyan erməni rəhbərliyinin ölkədə peşəkar ordu yaradılması barədə sərt reaksiya verir.

Erməni hərbi tarixçinin dediyinə görə, peşəkar ordu ölkədəki ordu sayının azalması deməkdir. Ona görə də, Ermənistan buna getməməlidir. Bu gün, Ermənistanı “qonşu ölkələrdən gözləyən təhlükəni” önə cəkən Ayvazyan ölkədə böyük bir ordu, böyük bir səfərbərlik ehtiyatı və milisin saxlanılmasının tərəfdarı olduğunu bildirir.

...İnanın, çox maraqlıdır. Deyim ki, bu gün ölkədə orduya çağırmağa əsgər tapmayan erməni hərbi komissarlıqlarının etdiyi “ah-nalədən” özünü hərbi tarixçi kimi təqdim edən birinin məlumatsız olduğuna mən elə də inanmıram. Məhz bu mənada onun “böyük bir ordu, böyük bir səfərbərlik” barədə dedikləri çox gülünc görünür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə