“Nəzarətsiz qalan ölünün sonrakı aqibəti…”

“Camaata it hürər, bizə çaqqal”
“Nəzarətsiz qalan ölünün sonrakı aqibəti…”

Deyir, milçək elə də bir şey deyil, amma ürək bulandırır. İnanın ki, ermənilərin Qarabağda özünü “dövlət naziri” kimi təqdim edən Artak Beqlaryanın camaata erməni saytlarında yer alan sayıqlamalarına göz atarkən bir daha bunun şahidi oldum.

Əvvəla, bu gün rusların təhriki ilə Qarabağa qaytarılan ermənilərin sayı barədə… Məsələn, Beqlaryan “iddia edir” ki, bu gün Qarabağda 115-120 min erməni yaşayır. Yalansa…

“44 günlük müharibədən sonra ruslar zorla bizi Xankəndiyə qaytaranda burada həyat donmuşdu. Artıq neçə müddət keçsə də, amma həmin əhval-ruhiyyə bu gün də davam edir. Yəni hələ də qorxu ilə yaşayırıq (?...təbii ki, xoflu adamlar həm də qorxaq olurlar). Elə bu gün də, küçələrdə çox az insan var, axşam 9-dan sonra Xankəndi elə bil ölü şəhərə çevrilir, nəqliyyat işləmir, qaranlıq düşən kimi hər kəs evinə çəkilir”.

Deyim ki, bunları rusların şirin dilə tutub Qarabağa gətirdikləri erməni bir qadın söyləyib. Həmin erməni qadın daha sonra deyir ki, şəhərdə bahalıqdır deyə, hamı ümidini şəhərə gətirilib paylanan yardıma dikib. Yardım üçün isə səhər erkəndən gəlib növbə tutmalısan. Növbədə dayananlar yardım almaq üçün baş yarırlar.

…Beqlaryan isə “küyə düşüb” deyir ki, bizim “köklü dövlət qurumlarımız və atributlarımız var”, onları inkişaf etdirmək və gücləndirmək üçün sarsılmaz bir “iradə göstəririk”. Guya “artsax” müharibədən əvvəlki dövrdə olduğu kimi tam işlək vəziyyətdədir. Nə bilim, “artsax əhıli” hər səhər ədəb-ərkanla işə tələsirlər. Yardım almaq növbəsinə yox, məhz işə… Yəni hamı öz işində, gücündə… deyən Beqlaryan, daha sonra özündən razı halda, nə “artsax” xalqının, nə də hakimiyyət orqanlarının Azərbaycan daxilində heç bir faktiki və ya de-yure status qəbul etməyəcəyini deyir.

İnanın ki, Beqlaryanın bu müşdəbehliyi adama “ölünü başsız qoyarsansa…” məsəlini xatırladır.

Maraqlıdır ki, yalan danışmaqda pərgar olan erməni millətinin nümayəndəsi, bu dəfə “artsax”da qalan ermənilərin 25 min və ya bir az çox olması ilə razılaşmır. O, hər hansı bir real faktı əsas gətirmədən, bu gün Qarabağdakı ermənilərin ümumi sayının artıq 120 mini keçdiyini deyir. O, hətta utanmadan, az qala “qəhrəman “artsax” ordusunun ümumi sayının 25 minə çatdırıldığını deyir. Əslində, onun sifət nayihəsinə diqqət yetirsıniz bunu sezməyin elə də asan olmayacağı qənaətinə gələ bilərsiniz…

Mən şübhə etmirəm ki, Beqlaryana bu sözləri dedirdən, onların bu gün kölgəsinə sığındıqları “rus sülhməramlıları” və erməniləri hələ ki, ac qoymayıb onlara ianə göndərən kənar qüvvələrdir. Təbii ki, hər şeyin bir sonu olur. Amma, Beqlaryanın burada azərbaycanlıların humanist bir xalq olduğunu da gözə aldığını istisna etmirəm. Çünki o yaxşı bilir ki, sabah yenidən ara qarışsa, onun şikəstliyini də nəzərə alan azebaycanlılar onu ayaq altında qalıb tapdanmasına imkan verməyəcəklər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə