Daşqın qurbanlarının sayı 58-Ə ÇATDI

Çinin Henan əyalətində leysan yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə əyalət rəhbərliyi etdiyi şərhdə qeyd olunur.

Həmçinin beş nəfərin itkin düşdüyü bildirilib. Səlahiyyətlilər 800 mindən çox insanı təhlükəli bölgələrdən təxliyyə ediblər.

"16 İyul-24 İyul 16.00 tarixlərində fəlakət bölgəsində uzun müddət davam edən leysan yağışları səbəbiylə 9,3 milyon nəfər zərər çəkib, qurbanların sayı 58 nəfərə çatıb, beş nəfər itkin düşüb, vilayət daxilində 814, 9 min nəfər artıq evakuasiya edilib", deyə əyalət rəhbərliyinin şərhində bildirilir.

Qeyd edək ki, hazırda 440 mindən çox insanın təcili yardıma ehtiyacı var.

Əyalətin bir çox yerində elektrik və su təchizatı hələ də bərpa edilməyib və bir sıra ərazilərdə rabitə belə yoxdur.
Şiddətli leysan yağışları 17 iyul tarixində Çinin mərkəzi hissəsindəki Henan əyalətini dağıdıb. Ən çox Çjençjou şəhəri zərər çəkib. Şəhərin bəzi meteoroloji stansiyalarında orta gündəlik yağıntının tarixi rekord qeydləri var.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə