Vahan Kerobyan erməni miqrantları çağırır...

Ay ermənilər, yenə küyə düşüb hara belə qaçırsınız? Mən baxıram, bu minvalla davam etsəniz, axırda Nikol Paşinyanla həndəvəri qalaca Ermənistanda, onlar da axıra qədər qərar tutub qala bilsələr… Bu gün, vətənin belə ağır günündə, siz bu hərəkətinizlə ölkəni demoqrafik fəlakətə sürüklədiyinizi məgər bilmirsinizmi? O gün təkcə son altı ayda ölkənin ümumi əhalisinin 2,6 faizinin Ermənistanı tərk etdiyini eşidirəm. Belə yaramaz…

…Başa düşürəm, ermənilərin çörək axtarışına çıxmaları yaxşı hal kimi qəbul edilsə də, amma əndazəni də gözləmək lazımdır. Deyirəm, bir azdan qonşularımız da bizim ölkə əhalisinin rəsmi sayı barədə verdiyimiz “svodka”ların yalançı “svodka” olduğunu başa düçəcəklər. Biz hələ seçkidən əvvəl ölkədə 2500 erməninin yaşadığını yazanda, təkcə qonşularımız yox, hətta başqaları da buna inanmaq istəməmişdi.

Bu gün rusların da artıq bizə “dayaq olmadıqlarını” unutmamalıyıq. Deyəsən, onlarla olan müttəfiqliyimiz də “tarixə dönmək” üzrədir. Amma etiraf edək ki, vaxtilə hər işimizi yola verirdilər. Yadınızda olar, hələ sovetlər dönəmində qonşu Bakıdan, Tbilisidən elə də “əskik olmadığımızı” göstərmək üçün İrəvanı milyonçu şəhər eləmək istədik. Doğrudur, həmin ərəfədə İrəvan əhli heç 9 yüz min də deyildi. Amma böyük qardaşımız olan ruslar bir günün içində İrəvanın əhali sayını “püləyib” milyona çatdırdılar. Beləliklə, İrəvan da sovetlər birliyinin “sayılıb-seçilən” şəhərlərindən biri oldu.

Əslində, bu gün sizin Ermənistanı qoyub getməniz, vaxtilə “sayılıb-seçilən” şəhərə-İrəvana qarşı da hörmətsizlikdir.

Budur, Vahan Kerobyanı deyirəm: gənc olsa da, əsl erməniyə xas olan xüsusiyyətlərə malik “vətənpərvərdir”. Ermənistandan qaçan erməniləri geri çağırmaq üçün min “hoqqa”dan çıxır, ölkədən gedənlərə geri qayıtmaq üçün müxtəlif variantlar təklif edir. Deyirəm, bu hələ Ermənistanın iqtisadiyyat nazirliynə təsdiq olunmayıb, amma nahaq yerə. Əgər təsdiq olunsa, bütün ermənilər onun təklifinə qane olub Ermənistandan getməz.

Məsələn, o gün Vahan öz şəxsi “Facebook” səhifəsində imkan tapıb Ermənistandan qaça bilməyən ermənilərə ölkədə qalıb işləmək üçün xeyli iş yeri təklif edib. Hamısı da perspektivli iş yerləridir. Belə ki, Kerobyan bu gün Ermənistandan qaçmaq istəyənləri inşaat, kənd təsərrüfatı, istehsal və taksilərdə işləmək üçün işə çağırır. Amma deyim ki, Vahanın bu çağırışı Ermənistandan köçüb getmək istəyənlər üçün yetərlidir.

...Unutmayaq ki, bu gün Ermənistanın “hərbi qüdrətini” də gücləndirmək, inkişaf etdirmək lazımdır, axı... Ermənilərin köçünü dayandırmadan, buna necə nail olmaq olar?

...Onsuz da Ermənistandan getmək üçün imkanı olmayanlar... Vahanız da “iş tapacaqlar”...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə