Şiddətli yağışlar 12 nəfərin ölümünə səbəb oldu - FOTOLAR

Çinin Henan vilayətində şiddətli yağışların törətdiyi fəsadlar 12 nəfərin ölümünə, 2 nəfərin itkin düşməsinə səbəb olub. SİA vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, bir neçə gündür davam edən mövsüm yağışlarının miqdarı vilayətin paytaxtı Cencouda 449 millimetrə çatıb. Nəticədə küçələri su basıb, yaşayış binalarının birinci mərtəbələrinə, mağazalara, restoranlara, sosial obyektlərə, hətta metro stansiyalarına su dolub. Cenconun küçələri iri çayları xatırladıb. Təbii fəlakət nəticəsində 11 nəfər ölüb.

Şəhərdə ən yüksək səviyyədə xəbərdarlıq elan edilib. Fövqəladə hallar qurumu 100 min nəfəri təxliyə edib. Cencouya və şəhərdən müxtəlif istiqamətlər üzrə 160 qatar, 260 təyyarə reysi ləğv edilib. Bundan başqa, şəhərdə ictimai nəqliyyatın hərəkəti dayandırılıb, magistral yollar bağlanıb.

Təbii fəlakətlə mübarizə tədbirlərinə xeyli canlı qüvvə və texnika cəlb olunub. Əsas diqqət evlərində, iş yerlərində, mehmanxanalarda və digər məkanlarda köməksiz vəziyyətdə qalanların xilas edilməsinə yönəldilib.

Aramsız yağışlar vilayətin digər yaşayış məntəqələrində də fəsadlar törədib, dağıntılara səbəb olub. Ümumilikdə, 10 min hektara yaxın əkin sahə su altında qalıb. Sincon qəsəbəsində isə yağıntının miqdarı 609 millimetr olub. Qəsəbədə 1 nəfər ölüb, 2 nəfər itkin düşüb. Xilasedicilər 3620 nəfəri təxliyə edib.

Henandakı bir neçə çayda suyun səviyyəsi təhlükəli həddi aşıb. Nəticədə yaxınlıqdakı yaşayış məntəqələrini və əkin sahələrini su basıb. Meteoroloqlar növbəti günlərdə şiddətli yağışların davam edəcəyini, sel və daşqınların olacağını proqnozlaşdırıb.

Çin Xalq Respublikasının Sədri Si Cinpin təbii fəlakətlə mübarizə aparan qurumlar qarşısında insanların xilasını prioritet tələb kimi qarşıya qoyub.

Qeyd edək ki, iyun ayından bəri mövsüm yağışları Çinin müxtəlif bölgələrində insan tələfatına, infrastrukturun, evlərin dağılmasına səbəb olub. Ölkə üzrə xəbərdarlıq 2-ci səviyyəyə qaldırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...